Azpost.info xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə hallarının qarşısını almaq məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə yeni risk əsaslı yanaşmanın tətbiqi ilə bağlı razılığa gəlib.
ABA-nın yaydığı məlumata görə, son illər Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin və nağdsız ödənişlərin sürətlə genişlənməsi ödəniş infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsini zəruri edib. Bu səbəbdən bank və elektron pul təşkilatlarının xidmətlərindən qanunsuz istifadə risklərini minimuma endirmək üçün yeni mexanizm hazırlanıb.
Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündə maksimum 5 mədaxil əməliyyatı, ay ərzində isə ümumilikdə 20 min manata qədər mədaxil həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, banklar və elektron pul təşkilatları tərəfindən müştərinin hər bir hesabına bağlı maliyyə məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi planlaşdırılır.
Açıqlamada xüsusilə vurğulanıb ki, hazırkı mərhələdə məxaric (çıxarış və ödəniş) əməliyyatlarına heç bir limit tətbiq olunmayacaq. Yəni vəsaitin xərclənməsi və ya köçürülməsi ilə bağlı mövcud qaydalarda dəyişiklik nəzərdə tutulmur.
ABA və AzFina bildirir ki, tətbiq ediləcək mexanizm risk əsaslı olduğundan sağlam maliyyə davranışına malik müştərilərin gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək.
Belə ki, vətəndaşın özünə və yaxın qohumlarına məxsus ödəniş alətləri arasında həyata keçirilən mədaxil əməliyyatları bu limitlərdən istisna ediləcək.
Eyni zamanda, müştərilər əməliyyatların mahiyyəti barədə zəruri məlumat təqdim etdikdə və həmin əməliyyatlar onların risk profilinə uyğun hesab olunduqda da limitlər tətbiq edilməyəcək.
Açıqlamaya əsasən, əsaslandırılmış ehtiyac yarandığı hallarda banklar və elektron pul təşkilatları müştərilərə əlavə ödəniş alətləri də təqdim edə biləcəklər.
ABA və AzFina bir daha vurğulayıb ki, yeni yanaşma qanuni və şəffaf ödəniş əməliyyatları həyata keçirən istifadəçilər üçün əlavə məhdudiyyət yaratmayacaq. Vətəndaşlar POS-terminallar, mobil bankçılıq və digər rəqəmsal ödəniş xidmətlərindən indiyədək olduğu kimi istifadə etməyə davam edəcəklər.