ABŞ dəniz piyadalarında yeni AI silahı –Hədəfi özü tapır, məhv edir

ABŞ Dəniz Piyadaları Korpusu pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün nəzərdə tutulan Bullfrog M240 adlı robotlaşdırılmış atəş qurğusunu silahlanmaya qəbul edib.

Yeni sistem Allen Control Systems şirkəti tərəfindən hazırlanıb və L-MADIS hava hücumundan müdafiə kompleksinə inteqrasiya olunub. Qurğu 1–3-cü qrup kiçik pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

Bullfrog M240 süni intellekt, kompüter görməsi və yüksək dəqiqlikli robot texnologiyalarını 7,62 mm-lik M240 pulemyotunun atəş gücü ilə birləşdirir. Platformanın çəkisi 136 kiloqramdır. Atəş sürəti dəqiqədə 850 gülləyə, effektiv atəş məsafəsi isə 800 metrə çatır.

Sistem hədəfi müstəqil şəkildə aşkar edir, tanıyır, izləyir və nişangaha götürür. Bundan sonra məlumat operatora ötürülür və atəş açılıb-açılmaması barədə son qərarı insan verir.

Mütəxəssislər bildirirlər ki, bu texnologiya döyüş meydanında süni intellektin rolunu əhəmiyyətli dərəcədə artırır. Bununla belə, narahatlıq doğuran əsas məqam odur ki, insanın funksiyası yalnız son qərarın verilməsi ilə məhdudlaşır, qalan bütün mərhələlər isə süni intellekt tərəfindən icra olunur.

Ekspertlərin fikrincə, Bullfrog M240 və ona bənzər sistemlər tam avtonom öldürücü silahlara keçid yolunda son mərhələlərdən biri hesab edilir. Bu isə gələcəkdə süni intellektə tam müstəqil şəkildə ölümcül qərarlar vermək səlahiyyətinin verilməsi ilə bağlı etik və hüquqi müzakirələri daha da gücləndirə bilər.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.