Dünya bazarında neftin qiyməti son günlər ABŞ-İran arasında mümkün diplomatik razılaşma ilə bağlı gözləntilər fonunda aşağı düşsə də, bu proses Azərbaycanda benzinin ucuzlaşacağı anlamına gəlmir. Sürücülərin “Neft ucuzlaşırsa, niyə yanacaq da ucuzlaşmır?” sualı yenidən gündəmə gəlib. Ekspertlər bildirirlər ki, ölkədə yanacaq qiymətlərinin formalaşma mexanizmi beynəlxalq bazardan daha çox daxili dövlət siyasəti, tənzimləmə və bazarın quruluşu ilə bağlıdır.
Benzinin qiymətini kim müəyyənləşdirir?
Azərbaycanda ən çox istifadə olunan Aİ-92 markalı benzin və dizel yanacağının qiyməti sərbəst bazarda deyil, Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənir. Bu səbəbdən dünya bazarında neftin qiymətinin dəyişməsi avtomatik olaraq daxili bazarda qiymət dəyişikliyi yaratmır.
Ekspertlərin fikrincə, dövlət yanacaq qiymətlərini müəyyən edərkən təkcə neftin dünya qiymətini deyil, həm də büdcə gəlirlərini, daxili istehsal xərclərini və enerji siyasətini nəzərə alır.
Premium benzin niyə ucuzlaşmır?
Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti formal olaraq sərbəst olsa da, bazarda real rəqabətin məhdud olması səbəbindən qiymətlər dünya bazarındakı dəyişikliklərə həssas reaksiya vermir. Mütəxəssislər hesab edirlər ki, bazarda əsas təchizatçıların üstün mövqeyi qiymətlərin aşağı düşməsi üçün kifayət qədər rəqabət mühiti yaratmır.
Qiymətlərə təsir edən amillərdən biri də Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulmasına yönəldilən böyük həcmli investisiyalardır. İqtisadçıların fikrincə, belə iri layihələrə qoyulan vəsaitlərin uzunmüddətli dövrdə iqtisadi cəhətdən geri qaytarılması nəzərə alınır. Bu da daxili bazarda qiymətlərin aşağı salınmasını çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir.
Yerli istehsal qiymətləri aşağı sala bilərmi?
Son illərdə Aİ-95 markalı benzinin yerli istehsalının genişləndirilməsi idxaldan asılılığı azaldıb. Bu, nəqliyyat və logistika xərclərini aşağı salsa da, ekspertlər hesab edirlər ki, bu qənaətin istehlakçılar üçün qiymət endirimi şəklində əks olunacağı gözlənilmir.
Onların fikrincə, yerli istehsal daha çox qiymətlərin sabit saxlanmasına xidmət edə bilər.
Yanacağın maya dəyərinə yalnız xam neftin qiyməti deyil, həm də logistika və daşınma xərcləri, emal xərcləri, vergi və aksiz siyasəti, inflyasiya təsirləri də ciddi təsir göstərir. Bu amillər qiymətlərin aşağı düşməsini məhdudlaşdıran əsas səbəblərdən hesab olunur.
Benzin ucuzlaşa bilərmi?
Mövcud vəziyyətdə ekspertlər yaxın perspektivdə Azərbaycanda benzinin ucuzlaşmasını real hesab etmirlər. Onların fikrincə, dünya bazarında neftin qiyməti azalsa belə, ölkədə yanacaq qiymətlərinin müəyyənləşdirilməsi mexanizmi fərqlidir və qiymət dəyişikliyi üçün təkcə beynəlxalq bazardakı ucuzlaşma kifayət etmir.
Bununla belə, gələcəkdə yanacaq bazarında hər hansı dəyişiklik baş verərsə, bu, ilk növbədə dövlətin qiymət siyasəti və tənzimləyici qərarlarından asılı olacaq. Bu səbəbdən sürücülər üçün yaxın dövrdə əsas gözlənti qiymətlərin kəskin ucuzlaşması deyil, mövcud səviyyədə sabit qalması kimi qiymətləndirilir.
S.Abdulla