Moskva Bakıda Rusiya-Almaniya görüşünü təkzib etdi:“Heç bir rəsmi təmas olmayıb”

Trampın Qafqaz
Trampın Qafqaz

Rusiya Moskva ilə Berlin arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Bakıda hər hansı rəsmi danışıqların aparıldığını təkzib edib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”a müsahibəsində bildirib ki, Rusiya və Almaniya arasında Ukrayna məsələsi üzrə nə Bakıda, nə də başqa bir yerdə rəsmi təmaslar keçirilib. Onun sözlərinə görə, hazırda da iki ölkənin siyasi rəhbərliyi arasında bu istiqamətdə rəsmi dialoq yoxdur. “Almaniya ilə Ukraynadakı nizamlanma məsələləri üzrə heç bir rəsmi təmas olmayıb və yoxdur”, – deyə Qaluzin bildirib.

Rusiya XİN rəsmisi Almaniyanın hazırkı siyasi mövqeyinin Moskva ilə birbaşa danışıqların aparılmasını çətinləşdirdiyini də vurğulayıb. Qaluzinin sözlərinə görə, Berlinin “son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımları” fonunda belə rəsmi təmasların baş tutması real görünmür.

Bəs Bakıda nə baş verib?

Moskva rəsmi danışıqların keçirildiyini təkzib etsə də, Qaluzin Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərin olduğunu təsdiqləyib. Diplomat belə görüşlərin əvvəl də keçirildiyini və hazırda da davam etdiyini bildirib.

Bu açıqlama Bakıda Rusiya və Almaniya nümayəndələrinin Ukrayna müharibəsi ilə bağlı görüş keçirdiyi barədə yayılan məlumatları yenidən gündəmə gətirir.

İyul ayında Böyük Britaniyanın “The Times” qəzeti Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazmışdı. Nəşrin məlumatına görə, həmin görüşdə Rusiya-Ukrayna müharibəsinin mümkün nizamlanması məsələsi müzakirə olunub.

Lakin Moskvanın son açıqlaması ilə həmin görüşün statusu ilə bağlı fərqli mənzərə yaranır. Rusiya tərəfi siyasi və diplomatik kanallar üzrə rəsmi danışıqların olmadığını bildirir, eyni zamanda iki ölkənin ictimai strukturları arasında qeyri-rəsmi təmasların mövcudluğunu təsdiqləyir.

Beləliklə, Bakıda hansı səviyyədə görüş keçirildiyi və onun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı real məzmununun nə olduğu məsələsi açıq qalır. Bakı son dövrlərdə müxtəlif tərəflərin təmasları üçün əlverişli platformalardan biri kimi diqqət çəkir. Lakin Moskvanın açıqlamasına əsasən, Rusiya-Almaniya xətti üzrə Bakıda rəsmi danışıqların aparıldığı barədə məlumat təsdiqlənməyib.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.