AZAL-dan Naxçıvan reysləri ilə bağlı xəbərdarlıq:Biletlər tez tükənə bilər

AZAL
AZAL

Azərbaycan Hava Yolları (AZAL) Bakı–Naxçıvan–Bakı marşrutu üzrə avqust və sentyabr aylarında sərnişin tələbatının artacağını açıqlayıb. Aviaşirkət bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

AZAL-dan bildirilib ki, yay məzuniyyətlərinin başa çatması, yeni tədris ilinin başlaması ilə tələbə və ailələrin Naxçıvana səfərlərinin artması, eləcə də işgüzar səfərlərin çoxalması bu istiqamətdə sərnişin axınının yüksəlməsinə səbəb olur.

Bu səbəbdən bəzi tarixlərdə Bakı–Naxçıvan reyslərində yerlər daha qısa müddətdə tükənə bilər. Səfərin əvvəlcədən planlaşdırılması sərnişinlərə uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaratmaqla yanaşı, səfəri daha rahat təşkil etməyə imkan verir.

Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys, yəni gediş-gəliş üzrə ümumilikdə 16 uçuş həyata keçirilir.

AZAL sərnişin tələbatını davamlı olaraq təhlil etdiyini bildirir. Aviaşirkət əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandığı halda əlavə reyslərin təyin edilməsi imkanlarını da nəzərdən keçirir.

Aviaşirkətin məlumatına görə, Naxçıvan istiqamətində uçuş proqramı yalnız sərnişin tələbatı əsasında formalaşdırılmır. Regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri də nəzərə alınır.

Bu amillər səbəbindən reyslərin planlaşdırılması və həyata keçirilməsi uçuşların təhlükəsiz və etibarlı şəkildə təmin edilməsinə yönələn xüsusi əməliyyat tələblərinə uyğun aparılır.

Sərnişinlər Bakı–Naxçıvan–Bakı marşrutu üzrə aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi və mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə edə bilərlər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.