Avropa İttifaqı ölkələri Rusiyadan qaz idxalını artırdı –Alışlar 14% yüksəlib

Avropa İttifaqının Rusiyanın enerji resurslarından asılılığı azaltmaq siyasətinə baxmayaraq, Aİ ölkələrinin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı yenidən artıb.

“Welt am Sonntag” qəzetinin Təmiz Hava və Enerji Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına istinadən yaydığı xəbərə görə, Avropa İttifaqı ölkələri iyun ayında Rusiyadan ötən ilin eyni ayı ilə müqayisədə 14% daha çox LNG alıb.

Məlumata əsasən, Rusiyanın Avropaya enerji resurslarının satışından əldə etdiyi gəlirlər də artıb. CREA-nın hesablamalarına görə, Rusiyanın Avropaya enerji ixracından gündəlik gəliri 60 milyon avroya çatıb.

Rusiya LNG-sinin əsas alıcısının isə Fransa olduğu bildirilir.

2027-ci ildən tam qadağa

Bununla belə, Avropa İttifaqı Rusiyanın enerji resurslarından asılılığın tam aradan qaldırılması istiqamətində yeni məhdudiyyətlər tətbiq edir.

Planlara əsasən, 2027-ci il yanvarın 1-dən Rusiyadan uzunmüddətli müqavilələr əsasında LNG idxalına tam qadağa qüvvəyə minməlidir.

Qısa müddətli müqavilələr üzrə Rusiya LNG-sinin tədarükü isə artıq qadağan edilib.

Beləliklə, Aİ-nin Rusiyadan enerji idxalını azaltmaq siyasətinə baxmayaraq, qadağanın tam qüvvəyə minməsinə qədər Rusiyanın mayeləşdirilmiş qazının Avropa bazarında qalması davam edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.