Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiasını təmin edərək “Yabloko”nun Dövlət Dumasına keçiriləcək seçkilərdə namizədlər siyahısının qeydiyyatının ləğvinə qərar verib. Məhkəmə qərarını partiyanın seçki kampaniyası materiallarında əqli mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırıb.
“Kommersant”ın məlumatına görə, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) “Yabloko”nun həmtəsisçisi Qriqori Yavlinskinin “Atəşkəsi necə dəstəkləmək olar” başlıqlı müsahibəsini seçkiqabağı təşviqat materialı hesab edib.
İddia materiallarında partiyanın həmin müsahibədə bir sıra müəlliflik və əqli mülkiyyət obyektlərindən istifadə üçün lazımi icazələri təqdim etmədiyi bildirilib.
Söhbət “Qoy həmişə günəş olsun” mahnısından sözlərin, siyasi partiyaların emblemlərinin, Dmitri Medvedev və Viktoriya Bonya ilə bağlı görüntülərin, həmçinin Sergey Bondarçukun “Hərb və sülh” filmindən kadrların istifadəsindən gedir.
Prokurorluq partiyanın seçkidən çıxarılmasını istəyib
Məhkəmədə Baş Prokurorluğun nümayəndəsi də “Yabloko”nun seçkilərdən kənarlaşdırılmasını dəstəkləyib.
Prokuror partiyanın əqli mülkiyyətdən istifadə zamanı qanun pozuntularına yol verdiyini və xarici maliyyələşmə ilə bağlı faktların aşkarlandığını bildirib.
Bununla belə, “Yabloko”nun ekstremizmə qarşı qanunvericiliyi pozması ilə bağlı iddiaların təsdiqini tapmadığı qeyd olunub.
Mərkəzi Seçki Komissiyasının nümayəndəsi isə məhkəməyə Rosfinmonitorinqdən daxil olan sənəd barədə məlumat verib.
Həmin sənədə əsasən, “Yabloko”nun Dövlət Dumasına namizədləri seçkidən əvvəlki dövrdə xarici maliyyə alıblar. Partiyanın kontragentləri arasında da xarici mənbələrdən vəsait alan bir neçə hüquqi şəxsin olduğu bildirilib.
Lakin MSK nümayəndəsi qeyd edib ki, maliyyələşmə məsələsi hazırkı məhkəmə işinin predmeti deyil və ayrıca məhkəmə araşdırmasının mövzusu ola bilər.
“Yabloko”: Bu, parlamentçiliyə zərbədir
Partiyanın sədri Nikolay Rıbakov məhkəmədə çıxışı zamanı “Yabloko”nun seçkidən çıxarılması ilə bağlı iddianın rədd edilməsini istəyib.
O, partiyanın seçkilərdən kənarlaşdırılmasının Rusiyanın siyasi sisteminə və parlament seçkilərinə zərbə olacağını bildirib.
Rıbakov partiyanın ölkədə fəaliyyətini davam etdirməsinin vacib olduğunu vurğulayıb və “Yabloko”nun mövcud siyasi mövqeyinə baxmayaraq Rusiya daxilində işləməyə davam etdiyini qeyd edib.
Partiya rəhbərinin sözlərinə görə, “Yabloko” siyasi baxışlarını seçki prosesi çərçivəsində və tərəfdarları ilə birlikdə müdafiə etmək niyyətindədir.
Beləliklə, Ali Məhkəmənin qərarı nəticəsində “Yabloko”nun Dövlət Dumasına qarşıdakı seçkilərdə iştirak imkanları aradan qalxıb. Qərarın əsas hüquqi əsası isə partiyanın seçki materiallarında əqli mülkiyyət qanunvericiliyinin pozulması kimi göstərilib.