Məşhur amerikalı reper Tupak Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsindən təxminən 30 il sonra onun qətli ilə bağlı məhkəmə prosesi başlayıb. İş üzrə təqsirləndirilən Duane “Keffe D” Davisin məhkəməsində andlılar heyətinin formalaşdırılmasına start verilib.
Reuters xəbər verir ki, Las-Veqasda keçirilən prosesdə təxminən 75 potensial andlı müsahibədən keçirilir. Onların arasından iş üzrə qərar verəcək andlılar heyəti seçiləcək.
63 yaşlı Duane “Keffe D” Devis 1996-cı ildə Tupak Şakurun öldürülməsini təşkil etməkdə ittiham olunur. İttihama görə, həmin vaxt Kaliforniyada fəaliyyət göstərən South Side Compton Crips cinayət qruplaşmasının rəhbərlərindən biri olan Davis qətlin təşkilində əsas fiqur olub.
Tupac necə öldürülmüşdü?
Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda avtomobildə hərəkət edərkən atəşə tutulmuşdu. O, aldığı güllə yaralarından bir neçə gün sonra, 13 sentyabrda vəfat etmişdi.
İstintaqa görə, hadisə Tupak və Devisin qohumu arasında MGM Grand kazinosunda baş verən qarşıdurmadan sonra təşkil edilmiş mümkün qisas hücumu ilə əlaqələndirilir.
İllərlə açılmamış qalan iş Devisin sonrakı illərdə verdiyi açıqlamalardan sonra yenidən aktivləşib. O, müsahibələrində və 2019-cu ildə yazdığı memuarında hadisə zamanı avtomobildə olduğunu və atəş açmaq üçün istifadə olunan silahı digər şəxslərə verdiyini bildirib. Lakin Devis Tupakı şəxsən güllələdiyini etiraf etməyib.
Devis günahını qəbul etmir
Devis özünü təqsirli hesab etmir və ona qarşı irəli sürülən ittihamı rədd edir.
Nevada qanunvericiliyinə əsasən, şəxs qətli birbaşa törətməsə belə, cinayətin təşkilində və ya həyata keçirilməsində iştirak etdiyi sübuta yetirilərsə, ağır cinayət məsuliyyəti daşıya bilər.
Təqsiri məhkəmədə təsdiqlənəcəyi halda Devis ömürlük həbs cəzası ilə üzləşə bilər. Reuters-in məlumatına görə, iş üzrə ölüm hökmü tələb edilmir.
30 illik sirrin cavabı məhkəmədə axtarılır
Tupak Şakurun qətli ABŞ hip-hop tarixinin ən məşhur açılmamış cinayətlərindən biri olaraq qalırdı. İndi isə hadisədən təxminən üç onillik sonra məhkəmə prosesi qətlin təşkilində kimin rol oynadığını müəyyənləşdirməyə çalışacaq.
Məhkəmə prosesində mühüm şahidlərdən biri kimi Tupakla birlikdə avtomobildə olan və hadisə zamanı yaralanan Suge Knightın adı da çəkilir.
Andlıların seçilməsi prosesi davam edir. Məhkəmənin bir neçə həftə davam edəcəyi gözlənilir.
Beləliklə, 1990-cı illərin ən böyük musiqi sirlərindən biri olan Tupak Şakur qətli ilə bağlı həqiqətin məhkəmə zalında ortaya çıxıb-çıxmayacağı indi əsas sual olaraq qalır.
Nadir