Telefonun batareyasının vəziyyətini necə yoxlamaq olar?

Telefon batereya
Telefon batereya

Smartfonun batareyasının vəziyyətini yalnız neçə dəfə enerji yığması ilə müəyyənləşdirmək düzgün deyil. Akkumulyatorun nə qədər köhnəldiyini daha dəqiq göstərən əsas göstərici onun faktiki qalan tutumudur.

Müasir smartfonlarda batareyanın vəziyyətini bir neçə parametr əsasında qiymətləndirmək mümkündür. Bunlardan biri enerji doldurma dövrlərinin sayıdır. Tam doldurma dövrü batareyanın ümumi istifadə həcminin 100 faizə çatması hesab olunur. Bunun üçün telefonu bir dəfəyə 100 faizdən 0 faizə qədər boşaltmaq vacib deyil. Məsələn, bir gün 50 faiz, başqa gün isə daha 50 faiz enerji sərf olunarsa, bu, birlikdə bir tam dövr sayılır.

Batareyanın vəziyyətini ən yaxşı nə göstərir?

Doldurma dövrlərinin sayı müəyyən məlumat versə də, bu rəqəm akkumulyatorun real vəziyyətini tam göstərmir. Daha vacib göstərici batareyanın maksimum tutumunun nə qədərinin qorunub saxlanmasıdır.

Yeni smartfonun batareyasının maksimum tutumu şərti olaraq 100 faiz qəbul edilir. Akkumulyator kimyəvi olaraq köhnəldikcə bu göstərici azalır və nəticədə telefon əvvəlki qədər uzun müddət enerji toplamadan işləyə bilmir.

Mütəxəssislərin diqqət çəkdiyi mühüm hədd isə batareyanın maksimum tutumunun ilkin göstəricinin təxminən 80 faizinə düşməsidir. Bu səviyyədən sonra smartfonun avtonom işləmə müddətindəki azalma daha nəzərəçarpan ola bilər.

Batareya neçə şarj dövründən sonra zəifləyir?

Akkumulyatorun 80 faizlik həddə nə vaxt çatması smartfonun modelindən, batareyanın keyfiyyətindən və istifadə şəraitindən asılıdır.

Bəzi hallarda tutumun nəzərəçarpacaq dərəcədə azalması bir neçə yüz tam doldurma dövründən sonra müşahidə olunur. Təxmini olaraq 300–500 şarj dövrü aralığı qeyd edilir. Lakin yalnız bu rəqəmə əsaslanaraq batareyanın vəziyyətini qiymətləndirmək düzgün deyil.

Çünki akkumulyatorun köhnəlmə sürətinə müxtəlif amillər təsir edir.

Telefonun qızması batareyanı sıradan çıxara bilər

Batareyanın ömrünə ən çox mənfi təsir edən amillərdən biri mütəmadi həddindən artıq qızmadır. Xüsusilə telefon enerji yığarkən qızırsa və eyni zamanda ağır proqramlardan, oyunlardan və digər resurs tələb edən funksiyalardan istifadə edilirsə, batareyanın deqradasiyası sürətlənə bilər.

Smartfonu tez-tez tamamilə boşaltmaq vərdişi də batareyanın vəziyyətinə mənfi təsir göstərə bilər.

Bu səbəbdən eyni model iki telefonun şarj dövrlərinin sayı oxşar olsa belə, onların batareyalarının real vəziyyəti tamamilə fərqli ola bilər.

Batareyanı dəyişmək vaxtı necə bilinir?

Nəticə etibarilə, smartfon batareyasının vəziyyətini qiymətləndirmək üçün ən etibarlı göstəricilərdən biri qalan maksimum tutumun faizidir.

Əgər bu göstərici 80 faizə yaxınlaşıbsa və telefon əvvəlkindən xeyli tez enerji itirirsə, batareyanın vəziyyətini yoxlamaq və lazım gəldikdə onun dəyişdirilməsi barədə düşünmək məqsədəuyğundur.

Beləliklə, telefonun neçə dəfə şarj edildiyindən çox, batareyanın hazırda ilkin tutumunun neçə faizini saxlaması onun real vəziyyəti barədə daha aydın təsəvvür yaradır.

Sunay

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.