Polşa və Baltikyanı NATO ölkələri Rusiya tərəfindən mümkün “saxta bayraq” əməliyyatından ehtiyat edərək strateji infrastrukturların mühafizəsini gücləndirir.
Reuters xəbər verir ki, Polşa, Litva, Latviya və Estoniya bəndlər, elektrik stansiyaları və qaz kəmərləri ətrafında təhlükəsizlik tədbirlərini artırıb.
Söhbət Rusiyanın Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından istifadə etməklə NATO ölkələrinə qarşı hücum təşkil edə və məsuliyyəti Ukraynanın üzərinə ata biləcəyi ehtimalından gedir.
Litva ötən həftə Moskvanın belə bir təxribat xarakterli hücum hazırlamaq imkanını nəzərdən keçirdiyini açıqlayıb. Polşa, Latviya və Estoniya da Rusiyanın NATO-nun reaksiyasını yoxlamaq məqsədilə mümkün diversiya aktlarına əl ata biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu narahatlıqlar ABŞ-ın NATO-ya sadiqliyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda daha da aktuallaşıb.
Kremlin sözçüsü Dmitri Peskov isə ötən ay Rusiyanın gizli hücum hazırlaması ilə bağlı xəbərdarlıqları “qorxulu hekayələr” adlandıraraq, bunların hərbiləşməni əsaslandırmaq üçün istifadə edildiyini bildirib.
Lakin Rusiya ilə sərhəddə yerləşən Polşa və Baltik ölkələri təhlükəsizlik məsələsində riskə getmək istəmirlər. Bu ölkələr artıq öz ərazilərində Ukraynaya aid pilotsuz uçuş aparatları aşkar ediblər.
Litvanın müdafiə naziri Robertas Kaunas Reuters-ə bildirib ki, ölkəsi baş verənləri diqqətlə izləyir:
“Biz sadəlövh deyilik, məlumatları görürük, sətiraltı məqamları oxuyuruq və öz araşdırmamızı aparırıq”.
Mənbələrdən biri Baltikyanı ölkələrin “müttəfiq kəşfiyyatından” Rusiyanın fəaliyyəti ilə bağlı aldığı ardıcıl xəbərdarlıqların ciddi narahatlıq yaratdığını bildirib. Onun sözlərinə görə, mümkün hücumun nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.
Polşada isə ölkənin aparıcı neft-qaz şirkəti Orlen mümkün təhlükələrə qarşı hazırlıq görür. Şirkətin adi qaz idxalı marşrutlarının riskə məruz qalacağı təqdirdə alternativ tədarük yollarını təhlil etdiyi bildirilir.
Beləliklə, Polşa və Baltikyanı ölkələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Rusiyadan mümkün hibrid və diversiya təhdidlərinə dair narahatlığın artdığını göstərir. Xüsusilə enerji infrastrukturu, elektrik şəbəkələri və digər strateji obyektlər potensial risk zonası kimi qiymətləndirilir.