Beynəlxalq araşdırma göstərib ki, digər yaşlı insanların necə davranmalı olduğuna dair daha sərt və məhdudlaşdırıcı fikirlərə sahib olan yaşlı insanlar özlərində yaddaş problemləri barədə daha çox məlumat verirlər.
Azpost.info bildirir ki, araşdırmanın nəticələri “International Journal of Behavioral Development” jurnalında dərc olunub.
Tədqiqatçılar “eycist” yanaşmaları – yaşlı insanların nə etməli və ya nə etməməli olduğuna dair təsəvvürləri araşdırıblar. Tədqiqatda 9 ölkədən 50–94 yaş arası 974 nəfər iştirak edib. İştirakçılar ABŞ, Kanada, Almaniya, Avstriya, Ukrayna, Hindistan, Çin, İsrail və Türkiyədən olublar.
14 gün ərzində iştirakçılar hər gün yaşlı insanların davranışları ilə bağlı fikirləri və özlərində yaddaşla bağlı problemlərin olub-olmaması barədə sualları cavablandırıblar.
Məlum olub ki, iştirakçıların yaşlı insanların necə davranmalı olduğuna dair məhdudlaşdırıcı fikirləri daha güclü olduğu günlərdə onlar yaddaş problemləri ilə daha çox qarşılaşdıqlarını bildiriblər.
Beləliklə, eyni şəxsdə yaddaşla bağlı şikayətlərin sayı konkret gündə eycist yanaşmaların nə dərəcədə güclü olmasından asılı olaraq dəyişə bilib.
Burada vacib məqam odur ki, söhbət iştirakçıların özlərinin necə davranmalı olduqları barədə düşüncələrindən deyil, digər yaşlı insanlara münasibətdə formalaşmış təsəvvürlərdən gedir.
Bu əlaqə ölkələr arasındakı fərqlərə baxmayaraq, bütün 9 ölkədə müşahidə olunub.
Lakin müəlliflər vurğulayırlar ki, bu nəticələrə əsasən eycizmin birbaşa yaddaşın zəifləməsinə səbəb olduğunu söyləmək hələ mümkün deyil. Bu əlaqənin arxasında dayanan mexanizmi müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Alimlərin fikrincə, cəmiyyət səviyyəsində eycizmlə – yaşa görə stereotiplər və ayrı-seçkiliklə mübarizə yaşlı insanların rifahına potensial olaraq müsbət təsir göstərə bilər.