Etibarsız insanı ilk baxışdan tanımaq heç də asan deyil. Belə insanlar çox vaxt mehriban, diqqətli və səmimi təsir bağışlayırlar. Lakin münasibət davam etdikcə onların davranışında müəyyən təkrarlanan nümunələr üzə çıxır.
Psixoloqlar bildirirlər ki, tək bir səhv və ya uğursuz zarafat insanı manipulyator etmir. Əsas diqqət davranışın davamlı şəkildə təkrarlanmasına yönəldilməlidir.
1. Təhqiri “zarafat” adı ilə gizlədir
Əgər bir insan daim sizin zəif tərəflərinizə toxunur, görünüşünüzü, səhvlərinizi və ya şəxsi həyatınızı məsxərəyə qoyursa və etiraz etdikdə “Mən sadəcə zarafat edirdim” deyirsə, bu, xəbərdarlıq siqnalıdır.
İkibaşlı komplimentlər də eyni kateqoriyaya daxildir. Zahirdə xoş söz kimi səslənən ifadənin arxasında əslində alçaltma və ya kinayə dayana bilər.
Belə davranış zamanla insanın özünəinamına mənfi təsir göstərə bilər.
2. Heç vaxt özünü günahkar hesab etmir
Etibarsız insanın əsas xüsusiyyətlərindən biri məsuliyyətdən qaçmaqdır. Nə baş verirsə-versin, günahkar həmişə başqasıdır: həmkar, dost, həyat yoldaşı və ya “şərait”.
Sağlam münasibətlərdə isə insan öz səhvini qəbul etməyi bacarmalıdır. “Mən səhv etdim” demək zəiflik deyil, etibarlılığın göstəricisidir.
3. Dedikləri ilə etdikləri bir-birini tutmur
Bir insan sizə xoşbəxtlik arzuladığını deyə bilər, amma eyni zamanda planlarınızı daim kiçildər, ideyalarınızı dəyərsizləşdirər və mühüm qərarlardan sizi çəkindirməyə çalışar.
Əlbəttə, yaxın insan risklər barədə xəbərdarlıq edə bilər. Fərq ondadır ki, səmimi insan sizin seçiminizə hörmət edir, manipulyator isə seçiminizə təsir etməyə və öz fikrini sizə qəbul etdirməyə çalışır.
4. Vədləri ilə əməlləri arasında böyük fərq var
Bu, etibarsızlığın ən aydın əlamətlərindən biridir.
Belə insan çox şey vəd edir, lakin kritik məqamda yoxa çıxır. Dürüst olduğunu söyləyir, amma vacib məlumatları gizlədir. Münasibətlərin onun üçün dəyərli olduğunu deyir, lakin davranışları bunun əksini göstərir.
Bir dəfə verilən sözün tutulmaması hər kəsin başına gələ bilər. Amma eyni vəziyyətin davamlı təkrarlanması artıq xarakter xüsusiyyətinə çevrilə bilər.
5. “Sənin yaxşılığını istəyirəm” deyərək sizi qorxudur
Bəzən narahatlıq və qayğı görüntüsü altında insanın özünəinamı zəiflədilir.
Məsələn, yeni iş, biznes layihəsi və ya səyahət planınız barədə danışarkən qarşı tərəf yalnız mümkün uğursuzluqları və təhlükələri sadalayır.
Konstruktiv məsləhət insana vəziyyəti daha yaxşı qiymətləndirməyə kömək edir. Manipulyativ yanaşma isə onu qərar verməkdən qorxudur.
6. Sizə zərər verir, sonra bəhanə gətirir
Ən ciddi siqnallardan biri kiçik sabotajlardır.
Məsələn, razılaşdırılmış işi “təsadüfən” yerinə yetirməmək, vacib məlumatı vaxtında ötürməmək, planınızı pozmaq və ya sizi başqalarının qarşısında çətin vəziyyətdə qoymaq.
Sonra isə bunun üçün müxtəlif “obyektiv səbəblər” irəli sürmək.
Belə vəziyyətlər təkrarlanırsa, insanın sözlərindən çox faktiki davranışlarına baxmaq lazımdır.
Əsas meyar sözlər deyil, davranışdır
Bir insanın etibarlı olub-olmadığını müəyyənləşdirmək üçün onun bir dəfə etdiyi səhvə deyil, uzunmüddətli davranışına baxmaq daha doğrudur.
Etibarlı insan səhvini qəbul edir, verdiyi sözə əməl etməyə çalışır, qarşı tərəfin sərhədlərinə hörmət edir və niyyətini hərəkətləri ilə təsdiqləyir.
Əgər müəyyən bir insanla ünsiyyətdən sonra daim özünüzü günahkar, tükənmiş və ya nəyisə izah etməyə məcbur hiss edirsinizsə, bu münasibətdə məsafə saxlamağın vaxtının gəldiyini göstərən siqnal ola bilər.
Sunay Aydın