Samuxda qarayara şübhəsi:9 nəfər xəstəxanaya aparıldı / BİRGƏ MƏLUMAT

Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmanın nəticələri açıqlanıb. Xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib. Şəxslərdən birindən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.

Bu barədə Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Məlumata görə, epidemioloji araşdırmalar zamanı xəstəliyə şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyənləşdirilib.

İlk şübhəli şəxsdən götürülən müayinə materialının laborator analizinin nəticəsinə əsasən “qarayara xəstəliyi” diaqnozu təsdiqlənib.

9 nəfər xəstəxanada izolyasiya edilib

Hazırda xəstə şəxslə təmasda olan insanlar müəyyənləşdirilib və onlar tibbi müşahidəyə cəlb olunublar.

Xəstə heyvanla təmasda olan 9 nəfər aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsində izolyasiya edilib.

Məlumata görə, həmin şəxslərin əksəriyyəti Samux rayon sakinləridir.

Onlardan laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Dərisində hər hansı yara və ya xəstəliyə şübhə yaradan əlamət olan şəxslərdən də əlavə laborator müayinələr üçün nümunələr toplanılır.

Qarayara insana necə keçir?

Səhiyyə Nazirliyi, AQTA və TƏBİB bildirir ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və xəstəliyə dünyanın müxtəlif bölgələrində rast gəlinir.

Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxumaları və heyvan mənşəli məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.

Xəstəliyin insandan-insana ötürülməsi isə olduqca nadir hallarda baş verir.

Qurumların məlumatında həmçinin qeyd olunur ki, xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.

Əhali arasında yayılma müşahidə edilmir

Hazırda Samuxdakı hadisə aidiyyəti qurumların nəzarətindədir. Epidemioloji vəziyyətin qiymətləndirilməsi və mümkün yoluxmaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Rəsmi məlumata görə, əhalı arasında xəstəliyin yayılması müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.

Bununla belə, vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək tövsiyə edilir.

Mütəxəssislər xəstəliyə şübhə yaradan əlamətlər müşahidə edildikdə gecikmədən tibb müəssisəsinə müraciət etməyi məsləhət görürlər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.