Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, ABŞ İsrailə kifayət qədər təzyiq göstərməsə, Türkiyə, Qətər və Misir Qəzza ilə bağlı “radikal addımlar” ata bilər.
Azpost.info bildirir ki, bu barədə Turkiye Today məlumat yayıb.
“Biz ABŞ-ın İsrailə lazımi təzyiqi göstərəcəyini gözləyirik. Əks halda biz – Türkiyə, Qətər və Misir bu məsələdə radikal addımlar atmalı olacağıq”, – Fidan bildirib.
Bu açıqlama Fidanın Misirin xarici işlər naziri Bədr Əbdülati ilə birlikdə Əl-Alameyndə keçirdiyi mətbuat konfransında səslənib. Görüş Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclası çərçivəsində keçirilib.
Fidan Misirdə rəsmi səfərdə olub. Səfər çərçivəsində Liviya, Sudan və ikitərəfli ticarət məsələləri ilə bağlı da danışıqlar aparılıb.
Fidanın sözlərinə görə, danışıqlar zamanı Qəzzadakı vəziyyət və böhranın mümkün həlli yolları müzakirə edilib. O, İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətini “insan ləyaqətini tapdalayan” və beynəlxalq ictimaiyyətə meydan oxuyan siyasəti gərginləşdirməkdə ittiham edib.
Fidan bildirib ki, vəziyyət artıq regional problem çərçivəsindən çıxaraq bütün dünya birliyi üçün təhlükəsizlik məsələsinə çevrilib.
Nazirin sözlərinə görə, Türkiyə və Misir humanitar yardımların Qəzzaya çatdırılmasının təmin edilməsi, fələstinlilərin ölümünün qarşısının alınması və Qəzza ilə bağlı sülh planının şərtlərinə əməl olunması da daxil olmaqla daha ciddi tədbirlərin görülməsinin vacibliyi barədə razılığa gəliblər.
Fidan vurğulayıb ki, Ankara və Qahirə sülh planı üzrə “ən yüksək səviyyədə” koordinasiyanı dəstəkləyir və Qəzzaya humanitar yardımın çatdırılması istiqamətində səylərini davam etdirir.
O əlavə edib ki, planın birinci mərhələsi – onun “soyqırım” adlandırdığı prosesin dayandırılması – beynəlxalq təzyiq nəticəsində əldə olunsa da, Qəzzaya daxil olan humanitar yardımın həcmi hələ də mövcud ehtiyacları qarşılamaq üçün kifayət deyil.
Fidan bildirib ki, İsrailin əsl məqsədi fələstinliləri Qəzzadan çıxarmaq və orada heç kəsi saxlamamaqdır. O, Netanyahunu bu “düşünülməmiş” planlardan əl çəkməyə məcbur etmək üçün beynəlxalq təzyiqin artırılmasına çağırıb.