Gəlini krala hörmətsizlik etdi, bütün titullarını itirdi– Bruneydə qalmaqal

Bruney sultanı gəlini ilə bağlı sərt qərar qəbul edib. O, kral ailəsinin üzvünə “layiq olmayan” davranış nümayiş etdirdiyi və sultana hörmətsizlik etdiyi üçün gəlinlərindən birinin bütün kral titullarını ləğv edib.

33 yaşlı Pengiran Rabiatul Adaviyya 80 yaşlı Sultan Hassanal Bolkiaha hörmətsizlik etməkdə ittiham olunub. Hassanal Bolkiah hazırda dünyada ən uzun müddət hakimiyyətdə olan monarxdır.

Bu barədə Bruneyin milli yayımçısı RTB News məlumat yayıb.

Rəsmi açıqlamada Pengiranın konkret olaraq hansı hərəkətinə görə cəzalandırıldığı açıqlanmayıb və hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Məlumatı yayımlayan Baş Kamerdiner İdarəsinin açıqlamasına görə, qərar sultanın şəxsi göstərişi əsasında qəbul edilib.

Titulların ləğvi Pengiran Rabiatul Adaviyyanın kral ailəsi üzvünün həyat yoldaşına yaraşmayan davranış nümayiş etdirməsindən sonra baş verib.

Pengiran 2015-ci ildə Şahzadə Abdul Maliklə evlənib. Onların toy mərasimi kral sarayında 10 gün davam edən dəbdəbəli tədbirlərlə müşayiət olunub.

Cütlüyün dörd övladı var:

Şahzadə Mutia – 10 yaş;

Şahzadə Fatiya – 8 yaş;

Şahzadə Xalişa – 6 yaş;

Şahzadə Nabila – 16 aylıq.

Onların atası Bruney taxtına varislik siyahısında dördüncü yerdədir.

Sarayın açıqlamasında xüsusi olaraq vurğulanıb ki, Pengiranın titullarından məhrum edilməsi övladlarına şamil olunmayıb. Uşaqların kral statusu qorunub.

Hassanal Bolkiah 1984-cü ildə Bruneyin Böyük Britaniyadan müstəqillik əldə etməsindən sonra kiçik ölkəyə mütləq monarx və baş nazir kimi rəhbərlik edir.

Sultan daha əvvəl də beynəlxalq qalmaqalın mərkəzində olub. Corc Kluni və Elton Con kimi məşhurlar Bruneydə homoseksual münasibətlər və ər-arvad xəyanətinə görə ölüm cəzasının tətbiq edilməsi planlarına açıq şəkildə etiraz ediblər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.