Maya təqvimi ətrafında xüsusi ajiotaj 2012-ci ilin dekabrı ərəfəsində yaranmışdı. Həmin vaxt 5 min ildən çox davam edən möhtəşəm bir dövr başa çatırdı.
11 avqust qədim Mezoamerikanın tarixində xüsusi yer tutur. Tədqiqatçılar məhz bu tarixi mayaların yaratdığı ən möhtəşəm və mürəkkəb təqvim sistemlərindən biri olan Uzun Təqvimin başlanğıcı ilə əlaqələndirirlər. Bununla yanaşı, müasir kütləvi mədəniyyət bu günə tamamilə başqa məna verərək qədim müdriklərin guya dünyanın sonunu əvvəlcədən xəbər verdiyi barədə məşhur mif yaradıb.
Azpost.info bildirir ki, bu barədə Adevarul yazır.
Alimlərin hesablamalarına və geniş qəbul edilmiş GMT korrelyasiyasına əsasən, hazırkı epoxal dövrün başlanğıc nöqtəsi — 0.0.0.0.0 formatında sıfır tarixi — proleptik Qriqorian təqvimi ilə e.ə. 11 avqust 3114-cü il hesab olunur.
Bizim öyrəşdiyimiz dövri və ya ritual təqvimlərdən fərqli olaraq, Maya Uzun Təqvimi günlərin fasiləsiz xronoloji hesabını aparırdı. Mayalar ondan dövlət həyatının əsas hadisələrini — hökmdarların taxta çıxmasını, qalibiyyətli müharibələri və böyük dini mərasimləri qeyd etmək üçün fəal istifadə edirdilər.
Bu sistemin riyazi quruluşu əsasən iyirmilik say sisteminə əsaslanırdı. Ən kiçik vahid gün — kin idi. Daha sonra 20 günlük uinal, 18 uinaldan ibarət və 360 günə bərabər tun, katun və təxminən 394 il davam edən daha böyük baktunlar gəlirdi. Maya sivilizasiyasının daş kitabələrində minillikləri əhatə edən daha böyük zaman intervallarına da rast gəlinir.
Bu təqvim sistemi 21 dekabr 2012-ci il ərəfəsində bütün dünyada məşhurlaşdı. Həmin tarixdə təxminən 5125 il davam edən 13-cü baktun — 13.0.0.0.0 — başa çatırdı. Adi insanlar və Hollivud filmlərinin yaradıcıları bu astronomik mərhələni dərhal qlobal apokalipsisin əlamətinə çevirdilər.
Lakin nüfuzlu tarixçilər və arxeoloqlar dəfələrlə vurğulayıblar ki, mayaların həqiqi yazılı mənbələrində bəşəriyyətin məhv olması ilə bağlı heç bir işarə yoxdur.
Bu sivilizasiyanın nümayəndələri üçün bir baktunun başa çatması sadəcə növbəti fəslin tamamlanması və yeni dövrə təntənəli keçid demək idi. Söhbət dünyanın fiziki məhbindən getmirdi.
Bunun ən parlaq sübutlarından biri Tortuqero abidəsi №6 üzərindəki yazıdır. Burada yeni eranın başlanmasından bəhs edilir, lakin hər hansı fəlakət təsvir olunmur.
Bundan başqa, alimlər 2012-ci ildən xeyli sonrakı tarixləri əhatə edən çoxsaylı Maya mətnləri də aşkar ediblər. Bu isə göstərir ki, mayalar zamanı sonsuz axın kimi qəbul edirdilər: bir dövrün sonundan sonra həmişə yeni dövr başlayırdı. Yəni 2012-ci ildə dünyanın sonunu Maya təqvimi deyil, müasir insanların yaratdığı mif “proqnozlaşdırmışdı”.
N.Talıblı