Azərbaycanın axtarışa verdiyi Rusiyalı nazir müşaviri istefa verdi

Rusiyanın nəqliyyat nazirinin ictimai əsaslarla müşaviri Aleksey Çadayev Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildikdən sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.

Azpost.info xəbər verir ki, Çadayev bu barədə özünün Telegram kanalında məlumat yayıb.

O bildirib ki, istefa qərarını şəxsi mövqeyi ilə dövlətlərarası münasibətlər arasında mümkün problemlərin yaranmaması üçün qəbul edib.

Çadayev vurğulayıb ki, ictimai çıxışları, podkastlardakı fikirləri və yazıları, o cümlədən pilotsuz uçuş aparatları, texnoloji suverenlik və bununla bağlı siyasi proseslərə dair açıqlamaları yalnız onun şəxsi ekspert mövqeyini əks etdirir.

Çadayevin sözlərinə görə, Rusiya Nəqliyyat Nazirliyi dövlət əhəmiyyətli vəzifələri, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafını və tranzit daşımalarının, xüsusilə Azərbaycan istiqamətində daşımaların təmin edilməsini həyata keçirir.

 Çadayev bundan sonra pilotsuz texnologiyalar, hərbi-mülki inteqrasiya və digər istiqamətlərdə fəaliyyətini davam etdirəcəyini bildirib.

Azərbaycan Çadayevi beynəlxalq axtarışa verib

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu daha əvvəl Aleksey Çadayev, jurnalist İvan Knyazev və siyasi məsləhətçi Semyon Uralov barəsində beynəlxalq axtarış elan edib.

Onlara terrorçuluğa açıq çağırışlar, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş əməllərlə bağlı ittihamlar irəli sürülüb.

Çadayevi diqqətçəkən edən məqam isə onun Rusiyanın Nəqliyyat Nazirliyi ilə əlaqəli vəzifədən məhz Azərbaycan tərəfindən axtarışa verildikdən sonra ayrılmasıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.