6 saylı Uşaq Kliniki Xəstəxanasında sanitar qovşağının vəziyyəti ilə bağlı narazılıq yaranıb. Jurnalist Ramilə Qurbanlı xəstəxanada çəkdiyi fotoları sosial şəbəkədə paylaşaraq şəraitə etiraz edib.
Azpost.info xəbər verir ki, jurnalist sanitar qovşağının vəziyyətini əks etdirən görüntüləri paylaşaraq bunun ictimaiyyətə çatdırılmasının vacib olduğunu bildirib.
“Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim. Bunu kimsə deməlidir”, – deyə Ramilə Qurbanlı qeyd edib.
Jurnalist sözügedən yerin 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağı olduğunu bildirib.
“Bilmədim, məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər?” – deyə o, sual edib.
Qurbanlının sözlərinə görə, belə şəraitdə xəstəxanaya müayinə və müalicə üçün gətirilən uşaqlar üçün əlavə sağlamlıq riski yarana bilər.
“Burada sağlam uşaq sağalmaz xəstəliyə yoluxar”, – jurnalist vurğulayıb.
O, problemin yalnız sanitar qovşaqla məhdudlaşmadığını da iddia edib. Jurnalistin sözlərinə görə, xəstəxananın otaqları və dəhlizlərində də oxşar vəziyyət müşahidə olunur.
Paylaşılan görüntülərdən sonra xəstəxanada sanitariya və təmizlik şəraitinin vəziyyəti ilə bağlı suallar yaranıb. Məsələ ilə bağlı TƏBİB və xəstəxana rəhbərliyinin mövqeyi məlum deyil.

