Tupak Şakurun ölümündən 30 il sonra məşhur reperin ölümü ilə bağlı yeni və olduqca qeyri-adi iddia ortaya çıxıb. “Death Row Records”un keçmiş rəhbəri Syuc Nayt reperin kremasiya olunmuş külünün anası və digər şəxslər tərəfindən marixuana və ya tütünlə qarışdırılaraq çəkildiyini iddia edib.
Nayt bu açıqlamanı Tupak Şakurun qətlində ittiham olunan Dueyn “Kif D” Devisin məhkəməsi davam etdiyi vaxt verib.
Nayt: Kremasiya üçün 1,2 milyon dollar təklif etdim
61 yaşlı Syuc Nayt 1996-cı ildə Tupakla birlikdə avtomobildə olarkən hücuma məruz qalmışdı. Las-Veqasda onların yanından keçən ağ rəngli “Cadillac”dan atəş açılmış, hər iki şəxs yaralanmışdı. Tupak Şakur aldığı güllə yaralarından sonra həyatını itirib, Nayt isə sağ qalıb.
Naytın sözlərinə görə, reperin dəfn mərasimini anası təşkil edib və onun mümkün qədər tez kremasiya edilməsində israr edib.
TMZ-yə danışan Nayt bildirib ki, kremasiyanın təcili həyata keçirilməsi onun üçün o qədər vacib olub ki, bu işə görə 1,2 milyon dollar ödəməyə hazır olduğunu deyib.
Onun sözlərinə görə, gecə saatlarında əlaqə saxladığı şəxs əvvəlcə vaxtının olmadığını bildirərək təklifi qəbul etməyib. Bundan sonra Nayt pul təklif edib.
O, həmin şəxsin yanına iki paket nağd pulla gəldiyini bildirib. Paketlərdən birində 200 min, digərində isə 1 milyon dollar olub. 200 min dollarlıq təklif qəbul edilməyib, lakin 1 milyon dollar təklifindən sonra həmin şəxs razılaşıb.
“Külünü tütün və ya marixuana ilə qarışdırdılar”
Naytın iddiasına görə, kremasiyadan sonra Tupakın anası onu Las-Veqasda qaldığı otelə dəvət edib.
Nayt bildirib ki, orada anası və bir neçə başqa şəxs reperin külünü xırdalayıb, tütün və ya marixuana ilə qarışdırıb və bir neçə “joint” hazırlayaraq çəkiblər.
Nayt özü isə buna qoşulmayıb. Onun sözlərinə görə, həmin vaxt sınaq müddətində olduğu üçün narkotik maddə qəbul etməsinin azadlıq şərtlərini poza biləcəyindən qorxub.
Tupakın qətli üzrə məhkəmə başlayıb
Syuc Naytın bu iddiası Tupak Şakurun qətlində ittiham olunan Dueyn “Kif D” Devisin məhkəməsi fonunda səslənib.
Las-Veqasda məhkəmə prosesi avqustun 17-də başlayıb. Devis odlu silahdan istifadə etməklə qətldə və dəstə fəaliyyəti ilə bağlı əlavə ittihamda təqsirləndirilir.
İstintaqın versiyasına görə, Devis hücumda istifadə olunan silahı təmin edib və atəş açılan ağ rəngli “Cadillac”da olub.
Devis isə ittihamları dəfələrlə rədd edib və özünü günahsız hesab etdiyini bildirib.
Nayt hadisənin birbaşa iştirakçısı və atışma zamanı yaralanan şəxs olsa da, məhkəmədə şahid qismində çıxış etməyi planlaşdırmır. Onun adı potensial şahidlər siyahısına daxil edilib, lakin bu, prokurorluğun mütləq onu məhkəməyə çağıracağı anlamına gəlmir.
Avqustun 18-də məhkəmədə “Mob Piru Bloods” qruplaşmasının keçmiş üzvü, Naytın tərəfdaşı Ceyms Makdonald ifadə verib. O, məhkəməyə çağırılmasını istəmədiyini və “məcburi şahid” kimi gəldiyini bildirib.
Məhkəmə Tupakın qətli ilə bağlı Devisin yazdığı “Compton Street Legend” kitabını və onun polisə verdiyi ifadənin qeydlərini sübut kimi qəbul edib.
Beləliklə, hip-hop tarixinin ən müəmmalı qətllərindən biri ilə bağlı məhkəmə prosesi davam edir. Naytın son açıqlamasının isə məhkəmənin yekun qərarına təsir edib-etməyəcəyi hələ məlum deyil.
N.Talıblı