MEDİA-dan “The Guardian”, “The Independent” və BBC-yə sərt bəyanat

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, həmçinin BBC-nin rusdilli xidmətində Azərbaycanla bağlı yayımlanan materiallara münasibət bildirib.

Agentliyin bəyanatında qeyd olunur ki, son günlər adıçəkilən media qurumlarında Azərbaycan Respublikası barədə həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib.

MEDİA Agentliyi yayılan yazılarda aşkar birtərəfli yanaşmanın və mülahizələrə əsaslanan fikirlərin üstünlük təşkil etdiyini bildirib. Agentliyin qənaətinə görə, bu materiallar Azərbaycanın beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təsiri bağışlayır.

Bəyanatda müəlliflərin mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də Azərbaycanın rəsmi mövqeyini öyrənmək üçün hər hansı addım atmadığı vurğulanır.

Agentlik hesab edir ki, yalnız subyektiv mülahizələrə əsaslanan tezislərin ictimaiyyətə təqdim edilməsi sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır.

MEDİA Agentliyi bildirib ki, Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan belə halların aidiyyəti üzrə araşdırılması və zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Agentlik eyni zamanda “The Independent”, “The Guardian” və BBC-ni bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa çağırıb.

“Bir daha adı çəkilən media qurumlarını Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik”, – bəyanatda deyilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.