Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib.

APA xəbər verir ki, qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Qurultayda çıxış edən Rəşad Məcid bildirib ki, hesabat dövründə Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i katiblik səviyyəsində həllini tapıb və tərəflər arasında anlaşma əldə olunub. Rəşad Məcid çıxışı zamanı dil məsələləri ilə bağlı görülən işlərə və təşəbbüslərə görə bir sıra şəxsə, o cümlədən “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızına təşəkkürünü bildirib. O qeyd edib ki, Mətbuat Şurası dövlət başçısının vurğuladığı məqamları rəhbər tutaraq Dil Komissiyasının fəaliyyətini gücləndirib: “Vüsalə Mahirqızının rəhbərliyi və təşəbbüsü ilə bu mövzuda mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, medianın dili ilə bağlı tədbirlər təşkil edilib. Bu tədbirlər ictimai rəyin formalaşdırılması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır”.

Müşfiq Ələsgərli çıxışı zamanı jurnalistlərin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsipin əlavə olunduğunu bildirib. Onun sözlərinə görə, yeni texnologiyaların mediada tətbiqi etik çərçivənin müəyyənləşdirilməsini və jurnalistlərin peşə məsuliyyətinin qorunmasını zəruri edir. Yeni prinsip səs birliyi ilə qəbul olunub.

Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli çıxışında ölkəyə qarşı yönələn dezinformasiyanın qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, qurum bu istiqamətdə intensiv fəaliyyət göstərib, zərurət yarandıqda gün ərzində bir neçə dəfə bəyanat və açıqlamalar yayıb.

Fərid Pərdəşünas isə süni intellektin jurnalistikaya təsirindən danışıb. O bildirib ki, yeni texnologiyalar sahədə müəyyən dəyişikliklər yaratsa da, jurnalistika öz aktuallığını itirməyəcək.

Sonda Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib.

Qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. Səsvermə yolu ilə seçilən İdarə Heyətinin tərkibinə 23 nəfər daxil olub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.