Rusiya hərbçiləri sentyabrın 1-nə keçən gecə Kiyev və Kiyev vilayətinə raket və zərbə dronları ilə kütləvi hücum həyata keçirib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Kiyevdə hücum nəticəsində 8 nəfər həlak olub, 5 nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.
Zərbələr paytaxtın Darnitski, Qolosiyivski və Solomenski rayonlarına endirilib. Darnitski rayonunda iki ərazidə yanğın baş verib, Qolosiyivskidə qeyri-yaşayış binasına ziyan dəyib. Solomenski rayonunda isə yaşayış binasının bir hissəsi dağılıb.
“Ukrzaliznitsa” şirkəti zərbələrdən birinin dəmir yolu deposuna və şirkətin digər obyektlərinə dəydiyini açıqlayıb.
Kiyev vilayətində də ölənlər var
Hücum zamanı Kiyev vilayətinin Borispol şəhəri də atəşə tutulub.
Vilayət administrasiyasının məlumatına görə, burada 5 mərtəbəli yaşayış binəsinə ziyan dəyib. Binadan 48 nəfər təxliyə olunub, 8 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Yaxınlıqdakı avtomobil dayanacağında da yanğın baş verib.
Digər zərbə bir müəssisəyə dəyib. Nəticədə bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti daha sonra Kiyev vilayətində hücum nəticəsində 3 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını açıqlayıb.
Hücumlar beş gündür davam edir
Kiyev vilayətinə hücumlar bundan əvvəl də baş verib.
Avqustun 31-də axşam saatlarında Rusiya qüvvələri vilayətə dronlarla zərbələr endirib. Brovarı rayonunun Poqrebi kəndində 8 nəfər yaralanıb. Dronların Buça, Brovarı və Borispol rayonlarındakı anbarları hədəf aldığı bildirilir. Zərbələr nəticəsində həmin ərazilərdə yanğınlar baş verib.
Ukrayna hakimiyyəti Kiyev vilayətinə hücumların artıq beşinci gündür ardıcıl davam etdiyini bildirib.