Röyanın eks-qayınatası 9 ildən sonra azadlığa çıxdı –“Çudo peçka”nın sahibi niyə həbsə düşmüşdü?

Xalq artisti Röyanın eks-qayınatası, məşhur “Çudo peçka” şirniyyat mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il həbsdən sonra azadlığa çıxıb.

Məlumata görə, Çingiz Cəlilov “Bank Standard”ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat kredit vəsaitini qanunsuz çıxarmaqda təqsirli bilinib.

Çingiz Cəlilov “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi olub. Baş Prokurorluğun istintaq materiallarına görə, o, “Bank Standard”ın İdarə Heyətinin keçmiş sədri Səlim Krimanla qabaqcadan razılaşaraq bankdan 21 milyon 874 min manat kredit vəsaitinin müxtəlif şəxslərin adına rəsmiləşdirilməsinə nail olmaqda ittiham edilib. Kreditlərin bağ evi alınması, mənzil təmiri, torpaq alınması və digər məqsədlərlə rəsmiləşdirildiyi bildirilib.

İstintaqın versiyasına əsasən, kreditlərin bir neçə dəfə restrukturizasiya edilməsindən sonra 13 milyon 962 min manatın mənimsənildiyi və Cəlilovla Səlim Kriman arasında bölüşdürüldüyü iddia olunub. Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Cəlilov isə ittihamları qəbul etməyib. Məhkəmə prosesində o, kreditlərin böyük hissəsinin özünə çatmadığını bildirib. Müdafiə tərəfi də ittihamların əsassız olduğunu və sübutların yetərli olmadığını iddia edib.

Çingiz Cəlilovun azadlığa çıxması barədə məlumatı jurnalist Ülviyyə Alovlu yayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.