Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hava məkanının “faktiki olaraq bağlanacağını” bildirib.
Zelenski sosial şəbəkələrdəki paylaşımında Rusiya hava məkanından istifadə edən aviaşirkətləri və sığorta şirkətlərini, həmçinin Rusiyanın əsas hava limanlarından istifadə edən bütün tərəfləri xəbərdar edib.
“Bu gün biz Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını, hələ də Rusiyanın əsas hava limanlarından istifadə edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli olur”, – deyə Ukrayna prezidenti yazıb.
O qeyd edib ki, Ukrayna mülki aviasiya üçün təhlükə yaratmır. Lakin Rusiya səmasında dronların olacağını və bunun nəzərə alınmasının vacib olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya hakimiyyəti öz əhalisinə ölkənin hava məkanındakı təhlükə barədə məlumat vermir. O bildirib ki, “Rusiyanın başladığı müharibə onun səmasını bağlayır”.
Ukrayna prezidenti xüsusilə Moskva, Sankt-Peterburq və Rusiyanın digər əsas istiqamətlərinə uçuşlar həyata keçirən aviaşirkətlərin bu xəbərdarlığı eşitməsinin vacib olduğunu qeyd edib.
“Biz Ukraynada günahsız insanların ölməsini istəmirik. Buna görə tərəfdaşlarımızı xəbərdar edirik: Rusiya səmasında artıq təhlükəsiz anlar yoxdur”, – Zelenski bildirib.
O, həmçinin Ukrayna Xarici İşlər Nazirliyinin bu barədə müvafiq məlumatları beynəlxalq qurumlara göndərəcəyini açıqlayıb.