Putin Qarabağdan danışdı:“Səhifəni çevirib irəli getmək olar”

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı açıqlamalarına münasibət bildirib.

Azpost.info bildirir ki,Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.

Rusiya Prezidenti Ermənistanın KTMT ilə bağlı mövqeyinin formalaşmasında Qarabağ məsələsinin əsas amillərdən biri olduğunu deyib.

“Yaxın keçmişi qurdalamaq istəmirəm, amma hər şey Qarabağ problemindən başladı”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin Praqada müvafiq sənədi imzalayaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasından sonra Rusiyanın bu məsələdə mövqeyi dəyişib.

“Bu andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter almağa başladı. Biz Azərbaycanın daxili siyasi işlərinə qarışmalı idik? Qərb, Avropa ölkələri – hamısı Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyirdi”, – Putin vurğulayıb.

Rusiya Prezidenti Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının müəyyən müsbət tərəflərinin də olduğunu bildirib.

“Səhifəni çevirib irəli getmək olar. Artıq bu münaqişələr olmadan insanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair. Əslində, müsbət məqamlar az deyil”, – deyə Putin bildirib.

Rusiya lideri həmçinin Nikol Paşinyanı Moskvaya dəvət etdiyini açıqlayıb. Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyini Paşinyanla ətraflı müzakirə etmək niyyətində olduğunu söyləyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.