Rusiya-Ermənistan arasında yükdaşımalar 63% artdı– Rəqəmlər açıqlandı

Yükdaşıma
Yükdaşıma

2026-cı ilin ilk yeddi ayında Rusiya ilə Ermənistan arasında dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63,4 faiz artıb.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, hesabat dövründə iki ölkə arasında dəmir yolu ilə 86 min ton xarici ticarət yükü daşınıb.

Məlumat Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən görüşünün yekunları üzrə açıqlanıb. Görüşdə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin də iştirak edib.

Tərəflər Rusiya-Ermənistan əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Rusiya Nəqliyyat Nazirliyi bildirir ki, iki ölkə arasında qarşılıqlı və tranzit avtomobil daşımaları Avrasiya İqtisadi İttifaqı çərçivəsində icazəsiz həyata keçirilir. Bundan başqa, 2026-cı ildə Rusiya və Ermənistan üçüncü ölkələrə və üçüncü ölkələrdən avtomobil daşımaları üzrə ilkin olaraq 700 icazə sənədi ilə qarşılıqlı mübadilə aparıblar.

Hazırda Rusiya ilə Ermənistan arasında dörd müntəzəm avtobus marşrutu da fəaliyyət göstərir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.