Rusiya Prezidenti Vladimir Putin Ermənistanın əvvəllər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Azərbaycanla sərhədin müəyyən hissələrinin qorunmasını tələb etdiyini açıqlayıb.
Azpost.info bildirir ki, Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində təhlükəsizliyi təmin etməsini istəyib. Lakin təşkilata üzv digər dövlətlər əvvəlcə iki ölkə arasında dövlət sərhədinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildiriblər.
“Ermənistan tərəfi hesab edirdi ki, KTMT sərhədin müəyyən hissələrini qorumalıdır. Amma KTMT-nin bütün üzvləri deyirdilər: müəyyən hissələri qorumaq tamam başqa məsələdir. Axı sərhədin delimitasiyası yoxdur. Sərhədlə bağlı heç bir müqavilə yoxdur, olmayıb və indi də yoxdur”, – Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, Azərbaycan və Ermənistan sərhədin keçdiyi ərazilərlə bağlı fərqli mövqelərdə olublar.
“Azərbaycan hesab edir ki, sərhəd bu hissədən keçir, Ermənistan isə hesab edir ki, başqa hissədən. Burada həqiqətən ekspert qiymətləndirməsi tələb edən çoxlu məsələlər var”, – deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, müvafiq sənədlər imzalanana qədər KTMT-nin Ermənistan-Azərbaycan sərhədində münasibətləri və məsuliyyət zonasını necə müəyyənləşdirə biləcəyi ilə bağlı suallar qalır.
Putin bu məsələni Nikol Paşinyanla Moskvada müzakirə etməyə ümid etdiyini bildirib.
Rusiya lideri daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanı Moskvaya dəvət edib. Görüşdə Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə münasibətlərinin müzakirə olunacağı gözlənilir.