Goranboyda sursat anbarında partlayış– 5 min nəfər təxliyə edildi

Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə ilə əlaqədar yaxınlıqdakı Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Rəsmi məlumata görə, hadisədən dərhal sonra aidiyyəti qurumların qüvvələri əraziyə cəlb olunub və zəruri təxirəsalınmaz tədbirlər görülüb. Vəziyyət nəzarətə götürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaxın ərazilərdə yaşayan sakinlər təxliyə olunub. İlkin rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Goranboy Rayon İcra Hakimiyyətinin məlumatına görə, ümumilikdə 5 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Nizami kəndinin girişində post qurulub. Rayon Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Seymur Nazarov bildirib ki, sakinlərin təhlükəsizliyinin təmin olunması üçün hadisədən dərhal sonra təxliyəyə başlanılıb.

Hazırda ərazidə yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. FHN və digər aidiyyəti qurumların qüvvələri hadisə yerində işləyir.

Partlayışın səbəbi və sursat anbarına dəymiş ziyanın həcmi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisə ilə bağlı yeni rəsmi məlumatlar olduqca xəbər yenilənəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.