Sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin əməkhaqqısı artırılıb.
Azpost.info bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə irəli sürülüb.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Həkimlərin maaşı nə qədər olacaq?
Yeni artımla bir sıra kateqoriyalar üzrə həkimlərin əməkhaqqısı 3 min manatadək yüksəlib.
- Ailə həkimləri və sahə həkimləri – 1 150 manatdan 2 000 manatadək
- Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimləri – 1 550 manatdan 2 200 manatadək
- Tibb müəssisələrinin təcili yardım şöbələrinin həkimləri – 1 550 manatdan 2 500 manatadək
- 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili yardım şöbələrinin həkimləri – 2 100 manatdan 3 000 manatadək
Bundan əlavə, həkim çatışmazlığı olan regionlarda çalışan bəzi mütəxəssislər üçün əlavə stimullaşdırıcı ödənişlər də artırılıb. Pediatrik anestezioloq-reanimatoloqların əməkhaqqısı 3 000 manatadək, neonatoloqların 2 400 manatadək, hemodializ həkimlərinin isə 2 250 manatadək yüksəldilib.
Beləliklə, maaş artımının əsas məqsədlərindən biri tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, regionlarda həkim çatışmazlığının aradan qaldırılması və səhiyyə sistemində kadr potensialının gücləndirilməsidir.