Əmək qanunvericiliyinə əsasən, işçilərin müəyyən kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qısaldılmış iş vaxtının tətbiqində işçinin yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınır.
Belə ki, 16 yaşınadək işçilər həftədə 24 saatdan çox işləyə bilməzlər.
16 yaşdan 18 yaşadək işçilər üçün isə həftəlik iş vaxtı 36 saatdan çox olmamalıdır.
Həftədə 36 saatdan artıq iş vaxtı müəyyən edilə bilməyən digər kateqoriyalara aşağıdakılar daxildir:
orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
hamilə qadınlar;
bir yaş yarımadək uşağı olan qadınlar;
3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər.
Qısaldılmış iş vaxtı həmçinin fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlara da şamil edilir.
Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslər üçün də həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz.
Nazirlik bildirir ki, bu qaydalar işçilərin əmək şəraitinin xüsusiyyətləri və sağlamlığının qorunması nəzərə alınmaqla tətbiq edilir.