Sentyabrın 2-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi fonunda Moskvanın üç əsas hava limanında – Şeremetyevo, Domodedovo və Vnukovo aeroportlarında uçuş cədvəlində ciddi pozuntular yaranıb.
Rusiya paytaxtına doğru uçan 12 Ukrayna dronunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilib. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində paytaxt aeroportlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 2-nə keçən gecə ölkənin 11 regionu üzərində ümumilikdə 130 Ukrayna dronunun məhv edildiyini açıqlayıb.
“Осторожно, Москва”nın hesablamalarına görə, uçuş cədvəlindəki dəyişikliklər 77 reysi əhatə edib. Bunlardan 40-ı Şeremetyevoda, 20-si Domodedovoda, 17-si isə Vnukovoda olub.
Domodedovoda Antalyadan gələn reys növbəti günə keçirilib və gecikmə 9 saatdan çox olub. Şeremetyevoda Soçiyə uçuş təxminən 6 saat, Vnukovoda isə Soçi və Şarm əl-Şeyx istiqamətində reyslər 6 saat gecikib.
Bundan başqa, gecə və səhər saatlarında “Turkish Airlines”in İstanbula ən azı iki reysi, “Nesma Airlines”in Şarm əl-Şeyxə bir reysi və “Şiraq Avia”nın İrəvana bir reysi ləğv edilib.
Vnukovo hava limanında təhlükəsizlik məqsədilə gecə saatlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunub. Moskva vaxtı ilə səhər saat 06:00 radələrində Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Hadisədən bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski aviaşirkətləri Rusiya hava məkanının təhlükəli olması barədə xəbərdar edib.
Zelenski bildirib ki, Rusiyanın hava məkanında pilotsuz uçuş aparatlarının sayının artacağı ilə bağlı aviaşirkətlər yaranmış vəziyyəti nəzərə almalıdır.
“Rusiya səmasında təhlükəsiz anlar başa çatıb”, – deyə Ukrayna prezidenti axşam videomüraciətində bildirib.