ABŞ nümayəndələri Zəngəzura getdi –TRIPP üzrə mühüm görüşlər keçirildi

ABŞ və Ermənistan nümayəndələri Zəngəzurun Gorus, Mehri və Qafan şəhərlərində “Trampın Beynəlxalq Sülh və Rifah naminə Marşrutu” (TRIPP) proqramını müzakirə ediblər.

Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin nümayəndələri, ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen, ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə baş məsləhətçisi Con Askonas və mühəndislik şirkəti AECOM-un nümayəndələri görüşlərdə iştirak ediblər.

Azpost.info bildirir ki, bu barədə TRIPP proqramının Ermənistandakı rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Görüşlər zamanı Sünik vilayətinin icma nümayəndələri TRIPP layihəsinin Ermənistanda həyata keçirilməsi prosesi barədə Ermənistan və ABŞ rəsmilərindən birbaşa məlumat alıblar.

İcma nümayəndələri layihə ilə bağlı suallarını ünvanlayıb, öz mövqelərini bildiriblər. Eyni zamanda, regional kommunikasiyaların genişləndirilməsinin Ermənistan, xüsusilə Sünik üçün hansı yeni iqtisadi imkanlar yarada biləcəyi müzakirə olunub.

Ermənistan tərəfi görüşlərdə regional kommunikasiyaların inkişafının ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaqla həyata keçirilməsinin vacibliyini vurğulayıb.

TRIPP proqramının rəsmi səhifəsində bildirilib ki, layihənin Ermənistanda həyata keçirilməsi paralel olaraq icmalarla belə dialoqların davam etdirilməsi nəzərdə tutulur. Məqsəd yerli əhalinin proses barədə məlumatlandırılması və onların layihənin həyata keçirilməsinə cəlb olunmasının təmin edilməsidir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.