Rubio CIA direktorunun Moskvaya məxfi səfərinin səbəbini açıqladı

ABŞ dövlət katibi Marko Rubio Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin ötən həftə Moskvaya gözlənilməz səfərinin məqsədini açıqlayıb.

Rubionun sözlərinə görə, səfər əsasən ABŞ və Rusiya kəşfiyyat strukturları arasında kommunikasiya kanallarının qorunması və inkişaf etdirilməsi ilə bağlı olub.

“Onun səfəri böyük ölçüdə rutin xarakter daşıyırdı. Məqsəd kəşfiyyat strukturları arasında kommunikasiya kanallarını yaratmaq və onları daha da inkişaf etdirmək idi”, – Rubio çərşənbə günü yayımlanan radio müsahibəsində bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, belə əlaqə kanalları gələcəkdə böhran və ya münaqişə yaranacağı təqdirdə faydalı ola bilər.

“Belə kanallar böhran və ya münaqişə zamanı faydalı ola bilər”, – Rubio əlavə edib.

Retkliffin Moskva səfəri avqustun sonunda baş tutub. O, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinlə görüşüb. Narışkin görüşü “işgüzar xarakterli” adlandıraraq, həssas kəşfiyyat məsələlərinin müzakirə edildiyini bildirib.

Səfər CIA direktorunun 2021-ci ildən bəri Rusiyaya ilk məlum səfəri olub. Həmin vaxt CIA-nin keçmiş direktoru Uilyam Börns Moskvaya səfər edərək Kremlə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq etmişdi.

Retkliffin son səfərinin digər detalları isə rəsmi olaraq açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.