Kollecdə, yəni orta ixtisas təhsili müəssisəsində ödənişli əsaslarla oxuyan tələbələr də Təhsil Tələbə Krediti Fondundan (TTKF) kredit ala bilərlər.
Təhsil tələbə kreditləri həm ali, həm də orta ixtisas təhsili müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan vətəndaşlarına şamil olunur.
Kollec tələbəsi təhsil krediti almaq üçün hansı şərtlərə cavab verməlidir?
Əsas şərtlərdən biri tələbənin əyani və ödənişli əsaslarla təhsil almasıdır. Qiyabi təhsil alan və dövlət sifarişi ilə oxuyan tələbələr bu kreditdən yararlana bilməzlər.
İlk semestrdə kredit üçün müraciət edən subbakalavrın qəbul göstəricisi ən azı 110 bal olmalıdır. Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə minimum göstərici 40 bal müəyyən edilir.
Növbəti semestrlərdə müraciət edən tələbənin akademik borcu olmamalı, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) isə ən azı 71 bal olmalıdır.
Təhsil tələbə krediti iki növə bölünür.
Sosial təhsil tələbə krediti illik 2 faizlə verilir. Bu kredit sosial baxımdan həssas qruplara aid tələbələr üçün nəzərdə tutulub.
Standart təhsil tələbə kreditinin illik faiz dərəcəsi isə 6 faizdir. Bu kredit sosial qrupa daxil olmayan, lakin digər tələblərə cavab verən tələbələrə verilir.
Kredit üçün girov və ya zamin tələb olunmur.
Kollec tələbəsi hər semestr nə qədər kredit ala bilər?
Kreditin məbləği həmin ixtisas üzrə rəsmi müəyyən edilmiş illik təhsil haqqından asılıdır.
Məsələn, illik təhsil haqqı 2 000 manatdırsa, sosial TTK üzrə tələbəyə hər semestr üçün 1 000 manat kredit ayrıla bilər.
Standart TTK üzrə isə birinci semestrdə kredit məbləği illik təhsil haqqının yarısından 20 faiz çıxılmaqla hesablanır. Bu halda 2 000 manatlıq illik təhsil haqqı üçün birinci semestrdə 600 manat kredit verilə bilər. İkinci semestrdə isə 1 000 manat kredit nəzərdə tutulur.
Sosial TTK alan tələbənin semestr üzrə özünün ödədiyi təhsil haqqının tam məbləği, standart TTK alan tələbənin isə illik təhsil haqqının 20 faizindən artıq ödədiyi hissə təhsil müəssisəsi tərəfindən geri qaytarıla və ya növbəti semestrə keçirilə bilər.
Kredit dərhal qaytarılmır
Tələbə təhsil aldığı müddətdə TTK üzrə borcu qaytarmır və bu dövrdə faiz hesablanmır. Güzəşt və möhlət dövrləri də müəyyən şərtlər daxilində kredit ödənişindən azad olunan müddətlərə daxildir.
Orta ixtisas və peşə təhsili pillələrində TTK-nın ümumi müddəti güzəşt və möhlət dövrlərindən asılı olaraq 12 ildən 19 ilədək ola bilər.
Tələbə məzun olduqdan dərhal sonra kreditini qaytarmağa başlamır. Ona əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 2 illik güzəşt dövrü verilir.
Bu müddət ərzində borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilərsə, həmin dövr üçün kreditin qaytarılması tələb olunmur və faiz hesablanmır.
Təhsil tələbə krediti üçün müraciətlər elektron qaydada Təhsil Tələbə Krediti Portalı vasitəsilə qəbul edilir.