Rusiya Prezidenti Vladimir Putin beynəlxalq reputasiyası ilə bağlı demək olar ki, artıq narahat deyil. Buna görə də onun Ukraynaya qarşı müharibədə könüllü şəkildə güzəştlərə gedəcəyinə ümid etmək olmaz.
Azpost.info bildirir ki, bu fikri Almaniya kanslerinin keçmiş aparat rəhbəri Volfqanq Şmidt səsləndirib.
Alman siyasətçinin sözlərinə görə, Kreml Qərb ölkələrinin Ukraynaya dəstəyini NATO tərəfindən Rusiyaya qarşı yönəlmiş təhdid kimi qəbul etməkdə davam edir. Eyni zamanda, Moskva öz təcavüzünü Qərbin addımlarına cavab kimi təqdim etməyə çalışır.
Şmidt vurğulayıb ki, bu mövqe hadisələrin real ardıcıllığını tamamilə təhrif edir. Məhz Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb və beynəlxalq hüququ pozub. Ukraynaya göstərilən yardım isə təcavüzə qarşı özünü müdafiə edən dövlətə dəstəkdir.
Siyasətçinin fikrincə, Almaniyanın təzyiqi öz-özlüyündə Putinin kursunu dəyişməsinə səbəb olmayacaq. Əksinə, Rusiya Berlinin tətbiq etdiyi yeni məhdudiyyətlərə sürətlə cavab verməyə davam edə bilər.
Buna nümunə kimi iki ölkə arasında diplomatik qarşıdurmanı göstərmək olar. Almaniya daha əvvəl Rusiyanın Hamburq, Leypsiq, Frankfurt və Münhendəki beş baş konsulluğundan dördünün fəaliyyətini dayandırıb. Rusiya buna cavab olaraq Almaniyanın diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırıb.
Şmidt hesab edir ki, münasibətlərin daha da gərginləşməsi Sankt-Peterburqdakı sonuncu Almaniya baş konsulluğunun da bağlanmasına gətirib çıxara bilər.
Bununla yanaşı, Moskva Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu açıq şəkildə bəyan etməkdə davam edir. Lakin alman siyasətçi bu ritorikanın Kremlin həqiqətən də ciddi güzəştlərə getməyə hazır olduğunu göstərdiyinə şübhə edir.
Onun fikrincə, əsas problem Rusiya rəhbərliyinin davranışının dəyişməsidir. Putin əvvəllər Kremlin qərarlarına müəyyən dərəcədə təsir edə bilən reputasiya itkilərini artıq demək olar ki, nəzərə almır.