Moskva-Berlin qarşıdurması dərinləşir –"Rus Evi" və Almaniya institutları bağlandı

Rusiya Berlindəki “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına cavab olaraq Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda Höte İnstitutunun filiallarını bağlayacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda (ŞİF) bildirib.

“Əlbəttə, onlar bağlanacaq. Berlindəki mədəniyyət mərkəzimiz oradan qovulduqdan sonra başqa cür ola bilməz. Əks halda özümüzə hörmət etmərik”, – Lavrov deyib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Rusiyanın Berlindəki mədəniyyət mərkəzi ilə bağlı qərar qəbul edərkən bunun Almaniyanın Rusiyadakı mədəni fəaliyyətinin də dayandırılmasına gətirib çıxaracağını anlamalı idi.

Bundan bir gün əvvəl Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, Almaniya hakimiyyəti Berlindəki “Rus Evi”nin əməkdaşlarına ölkəni yeddi gün ərzində tərk etmək barədə göstəriş verib.

Almaniya tərəfinin bu qərarı Leypsiq/Halle hava limanında baş verən insidentdən sonra qəbul edilib. Avqustun 4-də axşam saatlarında Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Daha sonra istintaq zamanı daha bir dron və təxminən 50 qram partlayıcı maddə tapılıb.

Araşdırmadan sonra Almaniya Rusiyanı diversiyanın təşkilində rəsmi şəkildə ittiham edib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Berlin Ukraynaya dəstəyi davam etdirəcək və Almaniya və Avropada Rusiyanın bu cür əməliyyatlar həyata keçirməsini çətinləşdirmək üçün tədbirlər görəcək.

İnsidentə cavab olaraq Almaniya sentyabrın 18-dən Rusiyanın Bonndakı baş konsulluğunu da bağlayacaq.

Bundan başqa, Berlin yaxın vaxtlarda Ukraynaya əlavə IRIS-T zenit raketləri və bir neçə min hücum dronu göndərməyi planlaşdırır. Təchizatın artıq sentyabr ayında başlaması mümkündür.

Almaniya həmçinin Kiyevlə kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirmək, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini, Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarətin gücləndirilməsini və Rusiyanın “kölgə donanmasına” qarşı təzyiqlərin artırılmasını tələb etməyi planlaşdırır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.