Passiv siqaret çəkmə dünyada ciddi sağlamlıq problemi olaraq qalır. 2023-cü ildə təxminən 1,66 milyon insanın vaxtından əvvəl ölümünün tütün tüstüsünə məruz qalma ilə əlaqəli olduğu müəyyən edilib.
Araşdırmaya görə, həmin il dünyada təxminən 2,7 milyard insan, o cümlədən 767 milyon uşaq tütün tüstüsünün təsirinə məruz qalıb.
Tədqiqatın nəticələri The Lancet elmi jurnalında dərc olunub.
Alimlər 2010-2025-ci illər arasında yayımlanmış araşdırmaları təhlil edərək 1990-2023-cü illərdə 204 ölkə və ərazidə passiv siqaret çəkmənin əhalinin sağlamlığına təsirini qiymətləndiriblər.
Tədqiqat müəllifləri bildirirlər ki, tütün tüstüsünə məruz qalmanın təhlükəsiz səviyyəsi yoxdur.
Ürək və tənəffüs xəstəlikləri riski artır
Passiv siqaret çəkmə ürək-damar və tənəffüs sistemi xəstəliklərinin riskini artırır. Hesablamalara əsasən, 2023-cü ildə bu təsir nəticəsində 44,8 milyon il sağlam həyat itirilib.
Ən böyük pay isə ürəyin kifayət qədər oksigen almaması ilə xarakterizə olunan işemik ürək xəstəliyinin üzərinə düşüb.
Uşaqlar daha çox risk altındadır
Alimlər xüsusilə uşaqların tütün tüstüsünə qarşı həssas olduğunu vurğulayırlar. 2023-cü ildə uşaqlar arasında təxminən 5,16 milyon tənəffüs yolu infeksiyasının tütün tüstüsünə məruz qalma ilə əlaqəli olduğu hesablanıb.
Uşaq həm yanan və ya közərən tütün məmulatından çıxan tüstünü, həm də siqaret çəkən şəxsin xaric etdiyi tüstünü nəfəsə ala bilər. Mütəxəssislərin sözlərinə görə, siqaretin közərən ucundan yayılan tüstüdə bəzi zəhərli və kanserogen maddələrin konsentrasiyası daha yüksək olur.
Siqaret çəkənlərin sayı azalsa da, passiv tüstüyə məruz qalma dəyişməyib
Araşdırmaya görə, 1990-cı ildən etibarən dünyada siqaret çəkmənin yayılma səviyyəsi 22 faiz azalıb. Buna baxmayaraq, passiv siqaret tüstüsünə məruz qalan insanların sayı demək olar ki, dəyişməyib.
Bəzi regionlarda, o cümlədən Saxaradan cənubda yerləşən Afrika ölkələrində, Şimali Afrikada və Yaxın Şərqdə bu göstəricinin artdığı bildirilir.
Tədqiqat müəllifləri insanların tütün tüstüsündən qorunması üçün daha sərt tədbirlərə ehtiyac olduğunu düşünürlər. Onların fikrincə, xüsusilə qadınların və uşaqların qorunmasına diqqət artırılmalı, insanların uzun müddət vaxt keçirdiyi məkanlarda, o cümlədən evlərdə tütün tüstüsünə məruz qalmanın qarşısı alınmalıdır.