Rusiya Qara dənizdə gəmini PUA ilə vurdu –2 azərbaycanlı öldü, 2-si yaralandı / RƏSMİ

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub.

Digər iki Azərbaycan vətəndaşı – İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb.

Yaralılar Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

Xarici İşlər Nazirliyi bildirib ki, hazırda məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri, eləcə də aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.

Yaralı Azərbaycan vətəndaşlarının tibbi müayinə və müalicədən sonra ölkəyə qaytarılması, onlara zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində tədbirlər görülür.

Həlak olan Azərbaycan vətəndaşlarının cənazələri ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi üçün də iş aparılır.

XİN həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara tezliklə şəfa arzulayıb.

Nazirlik bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə işləməkdən və bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.

Qara dənizdə baş verən hadisə nəticəsində iki Azərbaycan vətəndaşının həyatını itirməsi, iki nəfərin isə yaralanması barədə məlumat XİN-in açıqlaması ilə təsdiqlənib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.