İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və İsraillə müharibədən sonra Hörmüz boğazının idarə olunması və burada gəmiçiliyin şərtləri əvvəlki kimi olmayacaq.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Əraqçinin sözlərinə görə, münaqişə Yaxın Şərqdə strateji vəziyyəti dəyişib və nəzərə alınmalı olan yeni reallıqlar yaradıb.
“Hörmüz boğazından keçən gəmiçilik marşrutları artıq əvvəlki kimi olmayacaq və boğaz köhnə qaydalarla idarə edilməyəcək”, – deyə nazir ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olmuş diplomat Kamal Xərrazinin sənədlər mərkəzi və muzeyinin açılış mərasimində bildirib.
Nazir xatırladıb ki, boğazın hər iki tərəfində yerləşən İran və Oman onilliklər ərzində dəniz nəqliyyatına məhdudiyyət tətbiq etməyib və gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında iştirak ediblər. Lakin fevralın 28-də hərbi əməliyyatlar başlayandan sonra Tehran bu strateji əhəmiyyətli marşrutdan keçidə məhdudiyyətlər qoyub.
Əraqçi İrana qarşı yeni hərbi hücumun səhv olacağını da vurğulayıb.
“Əgər təcavüzkarlar sağlam düşüncələrini qoruyub saxlayıblarsa, İran xalqına yenidən hücum etməyə cəhd göstərməyəcəklər. Onlar artıq iki dəfə bunu sınayıblar və nəticəsini görüblər”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizliyi xarici hərbi qüvvələrin iştirakı olmadan, region ölkələrinin özləri təmin etməlidirlər. Tehran qonşularla dinc yanaşı yaşamağın və ümumi regional təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarıdır.
Əraqçi əlavə edib ki, müharibənin dayandırılması bütün cəbhələri əhatə etməli və regionun hər yerində döyüş əməliyyatlarına son qoyulmasını nəzərdə tutmalıdır. Əks halda, onun fikrincə, davamlı sabitliyə nail olmaq mümkün olmayacaq.
