Türkiyənin boru kəmərləri operatoru BOTAŞ və Azərbaycanın SOCAR şirkəti təbii qaz ticarəti ilə bağlı bəzi mövcud sazişlərin müddətinin uzadılması istiqamətində iş aparır.
Bunu BOTAŞ-ın baş direktoru Abdulvahit Fidan Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji əməkdaşlığıdır. BOTAŞ və SOCAR-ın birgə həyata keçirdiyi layihələr və imzaladığı sazişlər yalnız iki ölkənin enerji əməkdaşlığını gücləndirmir, eyni zamanda qonşu dövlətlərin və Avropanın enerji təchizatı təhlükəsizliyinə də töhfə verir.
Abdulvahit Fidan Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz-1”, “Şahdəniz-2” və TANAP layihələrini Azərbaycan-Türkiyə enerji əməkdaşlığının əsas nümunələri kimi göstərib.
Naxçıvan və Suriyaya qaz tədarükü
BOTAŞ rəhbəri bildirib ki, son illərdə iki ölkə arasında təbii qaz sahəsində əməkdaşlıq da sürətlənib.
Onun sözlərinə görə, Naxçıvanın enerji təchizatı təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəkilən qaz kəmərinin 2025-ci ilin martında istismara verilməsi bu əməkdaşlığın yeni istiqamətlərindən biri olub.
Bundan başqa, BOTAŞ və SOCAR-ın əməkdaşlığı ilə 2025-ci ilin avqustundan Suriyaya təbii qaz tədarükünə başlanılıb.
Fidan həmçinin “Abşeron” yatağından hasil olunacaq təbii qazın uzunmüddətli alışı ilə bağlı müqavilənin bir neçə ay əvvəl imzalandığını açıqlayıb.
“Əməkdaşlığımız çoxşaxəli və dinamik olduğu üçün gündəliyimiz də genişdir. BOTAŞ və SOCAR arasında təbii qaz ticarətinə dair bəzi mövcud sazişlərin müddətinin uzadılması istiqamətində də işlərimizi davam etdiririk”, – deyə Abdulvahit Fidan bildirib.
O əlavə edib ki, qarşıdakı dövrdə başda təbii qaz olmaqla, enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etdirilməsi əsas hədəflərdən biridir.