Rusiya Silahlı Qüvvələrinin general-mayoru, “Rusiya Qəhrəmanı” və 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri Anton Qrunis Ukraynada öldürülüb.
Onun ölümü Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov tərəfindən təsdiqlənib.
Daha əvvəl “Lenta.ru” hərbi jurnalist Yuri Kotenoka istinadən Qrunisin Ukraynada öldürüldüyünü yazıb. Məlumata görə, generalın Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində həlak olduğu ehtimal edilir.
General kim idi?
Anton Qrunis 2023-cü ilin mayında 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri təyin edilmişdi.
O, Baxmut istiqamətində gedən döyüşlərdə iştirak edib.
Qrunis avqustun 28-də “Rusiya Qəhrəmanı” adına layiq görülüb.
Ukrayna mediasının məlumatına görə, general bu ilin iyulunda Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətində yerləşən Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü barədə məruzə edib.
Hazırda Qrunisin ölümünün konkret hansı şəraitdə baş verdiyi barədə əlavə detallar açıqlanmayıb.
Onun Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində öldüyü barədə məlumatlar isə Rusiya mənbələrində ehtimal kimi təqdim edilib.