Magistratura və doktorantura bitirən zabitlərə güzəşt– rütbədə olma müddəti azaldılacaq

Azərbaycan Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında xidmət edən zabitlərin hərbi rütbədə olma müddəti ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura və ya rezidentura səviyyəsini uğurla başa vurmuş zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.

Eyni güzəşt doktoranturada və ya adyunkturada təhsilini başa vuraraq müvafiq elmi dərəcə alan zabitlərə də şamil olunacaq.

Bu müddət hər bir təhsil səviyyəsi üzrə yalnız bir dəfə azaldılacaq.

Leytenant rütbəsi ilə bağlı yeni qayda

Layihədə “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaların da dəyişdirilməsi nəzərdə tutulur.

Hazırda təhsil müddəti 5 il və daha çox olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddəti 1 ildir.

Yeni qaydaya əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirənlər üçün leytenant rütbəsində olma müddəti 2 il müəyyən ediləcək.

Bununla yanaşı, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün bu müddət 1 il olacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda isə leytenant rütbəsində olma müddəti 1 il müəyyən ediləcək.

Dəyişikliklərlə hərbi qulluqçuların müxtəlif hərbi rütbələrdə olma müddətinin hesablanması qaydalarının dəqiqləşdirilməsi nəzərdə tutulur.

Yeni müddəalar zabitlərin magistratura, rezidentura, doktorantura və adyunktura üzrə təhsil və elmi fəaliyyətinin hərbi xidmət baxımından nəzərə alınmasına imkan verəcək.

Hazırkı qanunvericilikdə də zabitlərin magistratura, rezidentura, doktorantura və adyunktura üzrə əyani təhsil müddətləri ilə bağlı ayrıca müddəalar mövcuddur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.