Türkiyədə arxeoloqlar təxminən 3300 il əvvəl Misir və Het İmperiyası arasında bağlanmış qədim sülh müqaviləsinin bir parçasını aşkar ediblər.
Bu barədə Popular Science portalı xəbər verir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kəşfin dünyanın ən qədim sülh müqaviləsi olan Kadeş müqaviləsinin bir hissəsi olduğunu açıqlayıb.
Hazırda Türkiyənin mərkəzində yerləşən Het İmperiyasının paytaxtı Hattusada aparılan qazıntılar zamanı mixi yazılı gil parçası aşkar edilib. Türkiyə nazirliyinin məlumatına görə, aşkar edilmiş mətn müqavilənin qaçqınlara münasibətə həsr olunmuş bir hissəsinə aiddir.
“Biz Anadolu torpağında min illər yaşı olan sülh izləri aşkar etdik”, – Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 21 sentyabrda bildirib. O, kəşfin insan həyatının və ləyaqətinin qorunmasının vacibliyini xatırlatdığını söyləyib.
Kadeş müqaviləsi təxminən eramızdan əvvəl 1269-cu ildə Misir fironu II Ramzes və Het kralı III Hattusili arasında bağlanıb. Bu müqavilə iki güc arasında uzun bir müharibəyə son qoyub və dünyanın ən qədim məlum sülh müqaviləsi hesab olunur.
Müqavilə Kadeş Müqaviləsi kimi tanınır, baxmayaraq ki, orada birbaşa Kadeş döyüşündən bəhs edilmir. Misirlilər və Hetlər arasında döyüş bir neçə il əvvəl baş vermişdi. Sənəd həmçinin Misir-Het Sülh Müqaviləsi, Əbədi Müqavilə və ya Gümüş Müqaviləsi adlanır.
Het İmperiyası təxminən eramızdan əvvəl 1650-ci ildən 1200-cü ilə qədər, Tunc dövründə Mərkəzi Anadoluda mövcud olub. Hattusa onun paytaxtı idi və arxeoloqlar orada Akkad dilində yazılmış çoxsaylı diplomatik sənədlər, o cümlədən Kadeş Müqaviləsinin digər fraqmentləri aşkar ediblər.
Müqavilənin özü iki qədim şəhərdə qorunub saxlanılıb. 19-cu əsrin əvvəllərində arxeoloqlar onun mətnini Misir heroqlifləri ilə yazılmış şəkildə, indiki Luksor ərazisindəki Fivadakı II Ramzes məbədinin divarlarında aşkar ediblər. Mixi yazı ilə yazılmış Akkad versiyasının fraqmentləri 20-ci əsrin əvvəllərində Hattusada tapılmağa başlayıb.
Müqavilə Misir və Het İmperiyası arasında şərqi Aralıq dənizindəki ərazi uğrunda onilliklər boyu davam edən münaqişənin sonunu bağladı. Həmin sənəddə II Ramzes və III Hattusili bir-birini qardaş elan etdilər və Misirlə Hatti arasında sülhü qoruyacaqlarına söz verdilər.
N.Talıblı