ABŞ-ın birinci xanımı Melaniya Tramp bildirib ki, həyat yoldaşı, ABŞ Prezidenti Donald Tramp onun fikirlərini hər zaman eşitməyə hazır olmur. Buna baxmayaraq, o, ərinə düşündüyünü olduğu kimi söyləməkdən çəkinmir.
Azpost.info bildirir ki, 56 yaşlı Melaniya Tramp Fox & Friends proqramının qonağı olub. Müsahibə zamanı ondan bir gün əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı ilə bağlı 80 yaşlı prezidentin ondan təəssüratlarını soruşub-soruşmadığı soruşulub.
Melaniya Tramp ərinin çıxışını yüksək qiymətləndirib. “Dedim ki, çıxışı çox yaxşı alındı, təqdimatı əla idi. Nitqi də möhtəşəm idi”, – deyə birinci xanım bildirib.
Bununla yanaşı, Melaniya Tramp etiraf edib ki, həyat yoldaşı eşitmək istəməsə belə, ona həmişə həqiqəti deyir. “Bəzən ona dediklərimi eşitmək istəmir. Amma eybi yoxdur. Mən həmişə həqiqəti deyirəm”, – deyə o qeyd edib.
Müsahibədə Melaniya Tramp Donald Trampın ikinci prezidentlik müddətinin öhdəsindən necə gəldiyindən də danışıb və bunu onun Ağ Evdəki ilk prezidentlik dövrü ilə müqayisə edib.
Onun sözlərinə görə, prezident demək olar ki, işləməyi dayandırmır. “O, dayanmadan işləyir. Onun enerjisi hamıdan çoxdur. Səhər tezdən axşama qədər fasiləsiz işləyir”, – deyə Melaniya Tramp əlavə edib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də Melaniyanın ona fikirlərini bildirdiyini söyləyib. O, xüsusilə bu ilin əvvəlində həyat yoldaşının səhnədə tamaşaçıların qarşısında etdiyi rəqslərdən o qədər də məmnun olmadığını danışmışdı.
N.Talıblı