Tokayevdən Putinə Ukrayna çağırışı –“Müharibəni dondurmaq lazımdır”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Rusiya Ukraynada hərbi əməliyyatları dondurmalı və sülh danışıqlarına başlamalıdır.

Tokayev Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında deyib:

“Prezident Vladimir Putinə bu məsələ ilə bağlı şəxsi mövqeyimi böyük anlayışla qarşıladığı üçün minnətdaram. Çünki hamımız – dövlət başçıları – Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”.

Qazaxıstan Prezidenti əlavə edib ki, Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, ənənələrinə və dilinə “böyük hörmətlə” yanaşır.

Bununla yanaşı, Tokayev hesab edir ki, müharibəni “dərhal” başa çatdırmaq hazırkı şəraitdə real görünmür.

Bundan əvvəl Tokayev şəxsən Vladimir Putinə Ukraynada hərbi əməliyyatları dayandırmağı təklif etmişdi.

“Bəlkə, artıq bu münaqişəni dondurmaq və İstanbul formulu 2.0-a qayıtmaq lazımdır. Çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi. Təbii ki, böyük dövlətlərin zəmanəti altında”, – Tokayev iyulun sonunda Omskda keçirilən görüş zamanı demişdi.

Həmin vaxt o, Ukraynadakı müharibə ilə bağlı Avropa və ABŞ-dan “çoxlu siqnallar” aldığını bildirmişdi.

Eyni zamanda Tokayev münaqişənin nizamlanmasında vasitəçi kimi çıxış etməkdən imtina etmişdi. O, bu məsələdə Rusiyanın “özünün öhdəsindən gələcəyini” bildirmişdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.