Dublində dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkarlanıb. İrlandiya ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssisləri ölkənin paytaxtının mərkəzində yerləşən ofis binasında tapılan qurğunu təhlükəsiz vəziyyətə gətiriblər.
Bu barədə “Reuters” məlumat yayıb.
Qurğu bir gün əvvəl İrlandiyanın paytaxtında keçirilən ikigünlük sammitə gələn dünya liderlərinin nahar etdiyi məkanın yaxınlığında yerləşib.
İrlandiya polisinin məlumatına görə, cümə günü günorta saatlarında Merrion meydanında yerləşən binada şübhəli qurğu olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Cümə axşamı isə meydanın digər tərəfində Avropa Siyasi Birliyinin iştirakçıları üçün şam yeməyi təşkil edilmişdi. Bu quruma Avropa İttifaqı ölkələri ilə yanaşı, İttifaqın üzvü olmayan dövlətlər də daxildir.
Polis hadisə yerində ilkin araşdırma apardıqdan sonra İrlandiya Müdafiə Qüvvələrinin partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislərini çağırıb.
Polisin açıqlamasında bildirilir: “Mütəxəssislər qurğunu zərərsizləşdiriblər. Qurğunun konstruksiyası primitiv olsa da, real partlayış təhlükəsi yaradırdı”.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər. Polis qurğunun nə vaxt yerləşdirildiyini dəqiqləşdirməyib, onun quruluşu və mümkün hədəfləri barədə əlavə məlumat açıqlamayıb.
