Pensiya artımında yeni qayda –Yüksək pensiyalar necə indeksasiya oluna bilər?

Pensiyaçı
Pensiyaçı

Azərbaycanda pensiyaların indeksasiyasına diferensial yanaşmanın tətbiqi təklif olunur. Bu mexanizmin əsas məqsədi aşağı və orta məbləğdə pensiya alanların gəlirlərinin daha çox qorunması, yüksək pensiyalarla aradakı fərqin isə yalnız indeksasiya hesabına sürətlə böyüməsinin qarşısının alınmasıdır.

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, diferensial indeksasiyanın tətbiqi sosial baxımdan müəyyən məntiqə malikdir. Onun sözlərinə görə, eyni faizlə indeksasiya zamanı pensiyası yüksək olan şəxsin nominal artımı da daha böyük olur.

Məsələn, 500 manat pensiya alan şəxsin ödənişi 10 faiz artırıldıqda onun pensiyası 50 manat yüksəlir və 550 manata çatır. 2000 manat pensiya alan şəxsin artımı isə 200 manat olur və onun pensiyası 2200 manata yüksəlir.

Beləliklə, indeksasiyadan əvvəl iki pensiya arasındakı fərq 1500 manat olduğu halda, eyni faizlə artımdan sonra bu fərq 1650 manata çatır.

Diferensial indeksasiya necə işləyəcək?

E.Əmirovun izah etdiyi mexanizmə görə, pensiyanın müəyyən hissəsinə tam indeksasiya tətbiq edilə, müəyyən həddən yuxarı olan hissəyə isə daha aşağı əmsal tətbiq oluna bilər.

Məsələn, orta aylıq əməkhaqqı 1200 manat, indeksasiya göstəricisi isə 10 faiz götürülsün. 2000 manat pensiyanın 1200 manatlıq hissəsi 10 faiz artırılarsa, bu məbləğ 1320 manat olacaq. Qalan 800 manatlıq hissəyə isə 0,5 əmsalı tətbiq edilərək 5 faizlik artım verilsə, həmin hissə 840 manata yüksələcək. Nəticədə 2000 manatlıq pensiya 2200 manat deyil, 2160 manat olacaq. Yəni pensiya məbləğində artım yenə baş verir, lakin yüksək pensiya ilə aşağı pensiya arasındakı fərqin genişlənmə sürəti azalır.

Əsas məqsəd nədir?

Ekspertin fikrincə, diferensial indeksasiyanın əsas məntiqi aşağı pensiya alan şəxslərin artım faizini mümkün qədər qorumaq, yüksək pensiyalarla aradakı fərqin isə hər il eyni faizlə indeksasiya nəticəsində daha sürətlə böyüməsinin qarşısını almaqdır. Bu məsələ sosial baxımdan da əhəmiyyətlidir. Çünki aşağı pensiya alan şəxsin aylıq gəlirində ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin payı adətən daha yüksək olur. Eyni faizlə indeksasiya zamanı isə yüksək pensiya alan şəxsin əldə etdiyi əlavə nominal məbləğ daha böyük olur. Bu proses hər il təkrarlananda pensiyalar arasındakı nominal fərq də genişlənir.

Dövlət üçün də maliyyə yükü azala bilər

Diferensial indeksasiyanın digər tərəfi pensiya sisteminin maliyyə yükü ilə bağlıdır. Yüksək pensiyaların müəyyən hissəsinə daha aşağı indeksasiya tətbiq olunması dövlətin əlavə maliyyə xərclərini müəyyən qədər azalda bilər. Yaranan maliyyə imkanlarının isə gələcəkdə aşağı və orta pensiyaların daha yüksək səviyyədə artırılmasına yönəldilməsi mümkündür.

Lakin burada başqa mühüm prinsip də nəzərə alınmalıdır.

Əgər yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun formalaşmış pensiya hüquqlarının da qorunması vacibdir. Bu səbəbdən diferensial indeksasiyanın tətbiqi zamanı əsas məsələ yalnız yüksək və aşağı pensiyalar arasındakı fərqin azaldılması deyil, həm də sosial ədalət və ödənilmiş sosial sığorta haqları ilə pensiya hüququ arasındakı balansın qorunmasıdır.

E.Əmirovun yanaşmasına görə, ən optimal model aşağı və orta pensiya alanları daha çox qoruyan, eyni zamanda yüksək pensiya alanların əvvəlki dövrdə qazandığı sosial sığorta hüquqlarını pozmayan balanslı mexanizmin yaradılması ola bilər.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.