İranda yerli silah və hərbi texnika istehsalının həcmi 40 günlük müharibədən əvvəlki dövrlə müqayisədə 2,5 dəfə artıb.
Bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Rza Təlaiynek Tehranda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, üç ay əvvəl İran tərəfi ölkədə yerli silah və hərbi texnika istehsalının 40 günlük müharibədən əvvəlki göstəricidən təxminən iki dəfə yüksək olduğunu açıqlayıb. Hazırda isə bu göstərici 2,5 dəfəyə çatıb.
General bəzi silah növləri üzrə istehsalın üç dəfədən də çox artdığını bildirib.
Təlaiynek qeyd edib ki, müdafiə sənayesi proqramları müharibə dövrünün ehtiyacları nəzərə alınmaqla yenidən hazırlanıb. Onun sözlərinə görə, istehsalın artırılmasında İranın texnologiya şirkətlərinin imkanlarından istifadə və ölkənin yerli müdafiə-sənaye sektorunun inkişafı mühüm rol oynayıb.
İran Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, silah təchizatı sisteminin strateji dayanıqlığı, hərbi texnikanın ölkə daxilində istehsalı və istehsal güclərinin genişləndirilməsi İranın milli gücünün əsas elementlərindəndir.
İran müharibədən sonrakı mərhələyə keçir
Təlaiynek hazırkı vəziyyətlə bağlı danışarkən İranın yeddi aydan çox davam edən “müqəddəs müdafiə” dövründən sonra əldə olunan nəticələrin möhkəmləndirilməsi və rəqibin məğlubiyyətinin tamamlanması mərhələsində olduğunu bildirib.
O, ABŞ və ya İsrail tərəfindən İrana qarşı hər hansı addım atılacağı təqdirdə Tehranın buna “qəti cavab” verəcəyini və qarşı tərəfin “ağır məğlubiyyətlərlə” üzləşəcəyini iddia edib.
General həmçinin bildirib ki, İranın əsas məqsədlərindən biri regionda ABŞ-ın hərbi mövcudluğuna və İsrailin fəaliyyətinə son qoyulmasıdır.
Onun sözlərinə görə, Tehran bu istiqamətdə siyasətini davam etdirmək niyyətindədir.
İran rəsmisinin açıqlaması ölkənin müdafiə sənayesində istehsal imkanlarının artırıldığını göstərir. Lakin açıqlanan 2,5 dəfəlik artımın konkret olaraq hansı silah və hərbi texnika növlərinə, hansı istehsal həcmlərinə və real say göstəricilərinə aid olduğu açıqlanmayıb.