Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında Sankt-Peterburqda keçirilən görüş başa çatıb.
“Kommersant”ın məlumatına görə, Putin danışıqlar başlamazdan əvvəl Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habardın azadlığa buraxıldığını açıqlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarın ABŞ Prezidenti Donald Trampın xahişi və 74 yaşlı kişinin səhhəti ilə bağlı olduğunu bildirib.
“Birincisi, Prezident Trampın xahişidir. İkincisi, onun səhhətidir. O, sağlam insan deyil. Hətta bizim yanımıza gəlməzdən əvvəl də səhhəti yaxşı olmayıb. Humanitar mülahizələri də nəzərə alaraq belə bir qərar qəbul edildi”, – deyə Peskov “Birinci kanal”a müsahibəsində bildirib.
Donald Tramp daha sonra təsdiqləyib ki, son telefon danışığı zamanı Putindən şəxsən Stiven Habardın azad edilməsini xahiş edib.
Azadlığa buraxıldığı elan edilən zaman ABŞ vətəndaşı Pulkovo hava limanında olub.
