“Şahdəniz” qaz-kondensat yatağında 2,9 milyard dollar dəyərində olan “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə dənizdə tikinti işlərinə rəsmən başlanılıb. BP Azərbaycan şirkətinin elan etdiyi ən son məlumatlara əsasən, platformanın dayaq blokunun əsasını təşkil edəcək dörd nəhəng boru payanın dənizdə quraşdırılması uğurla tamamlanıb.
Quraşdırılan hər bir boru payanın uzunluğu 70 metr, çəkisi isə 292 tondur. Bu əməliyyatlar Xəzər dənizində bp tərəfindən indiyədək quraşdırılmış ən böyük diametrli boru payalar kimi qeyd olunub və proses “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə həyata keçirilib. Bu mühüm addım 2028-ci ildə platformanın dayaq blokunun quraşdırılmasına zəmin yaradır.
2029-cu ildə tam başa çatdırılması planlaşdırılan bu layihə, yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin edəcək. Bunun sayəsində yatağın istismar müddəti uzanacaq və əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasil edilərək ixrac olunacaq
“Şahdəniz” yatağında dəniz tikintisi işlərinə başlanması təkcə yeni enerji layihəsinin icrası deyil. Bu mərhələnin əsas əhəmiyyəti mövcud qaz ehtiyatlarından uzun müddət istifadə etmək, hasilatın davamlılığını dəstəkləmək və Azərbaycanın qaz ixracından gələn gəlirlərin dayanıqlılığını qorumaqla bağlıdır.
BP-nin kompressiya layihəsinə yatırdığı investisiya hasilata, ixrac gəlirlərinə və dövlət büdcəsinə hansı yollarla təsir edə bilər?
“Şahdəniz Kompressiya” layihəsinin əsas məqsədi yataqda təzyiqi aşağı düşən qaz ehtiyatlarının hasilatını mümkün etmək və mövcud resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Yataq istismar olunduqca lay təzyiqi dəyişir. Təzyiq azaldıqda qazın quyulardan hasilatı və səth qurğularına ötürülməsi çətinləşə bilər. Yeni kompressiya platforması “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından gələn qazı sıxaraq onun Səngəçal terminalına çatdırılmasına kömək edəcək.
Beləliklə, layihə yeni yataq kəşfindən daha çox, artıq məlum olan ehtiyatların əlavə hissəsinin hasilata cəlb edilməsinə yönəlib. BP-nin məlumatına görə, yeni qurğunun tikintisinin 2029-cu ildə tamamlanması, “Şahdəniz Alfa”dan gələn qazın kompressiyasına 2029-cu ildə, “Şahdəniz Bravo”dan gələn qazın kompressiyasına isə 2030-cu ildə başlanması planlaşdırılır.
Azərbaycanın qaz gəlirlərinə necə təsir edə bilər?
Layihənin iqtisadi təsirini üç istiqamətdə qiymətləndirmək olar.
Birincisi, ixrac üçün əlavə qaz həcmi. Təxminən 50 milyard kubmetr əlavə qaz hasilatı və ixracı potensialı Azərbaycanın enerji bazarındakı mövqeyini dəstəkləyə bilər. Bununla belə, bu həcm bir ilin deyil, layihənin istismar dövrü üzrə gözlənilən ümumi göstəricisidir. Faktiki gəlir hasilatın qrafikindən, ixrac qiymətlərindən, satış müqavilələrindən və əməliyyat xərclərindən asılı olacaq.
İkincisi, mövcud yatağın istismar müddətinin uzadılması. Layihənin əhəmiyyəti yalnız əlavə qaz əldə etmək deyil. O, “Şahdəniz”in hasilat potensialından daha uzun müddət istifadə etməyə və hasilatın davamlılığını dəstəkləməyə hesablanıb. Bu, ixrac gəlirlərinin uzunmüddətli planlaşdırılması baxımından vacibdir.
Üçüncüsü, dövlətin gəlirləri. Qazın hasilatı və satışı artarsa, Azərbaycan tərəfinin gəlirləri də arta bilər. Lakin layihənin 2,9 milyard dollarlıq ümumi investisiyasını Azərbaycanın birbaşa qazancı kimi təqdim etmək düzgün olmaz. Layihə bir neçə beynəlxalq tərəfdaşın iştirakı ilə həyata keçirilir və gəlirlərin bölüşdürülməsi hasilatın pay bölgüsü sazişinin şərtlərindən asılıdır. Dövlət gəlirlərinə SOCAR-ın iştirak payı, dövlətin payına düşən mənfəət və digər fiskal mexanizmlər təsir göstərə bilər.
İnvestisiya Azərbaycanda hansı iqtisadi fəallığı yaradır?
Layihənin yerli iqtisadiyyata təsiri də nəzərə alınmalıdır. Dəniz qurğularının hazırlanması, boru xətlərinin quraşdırılması, mühəndislik və texniki xidmətlər yerli podratçılar və sənaye müəssisələri üçün iş imkanları yarada bilər.
2025-ci ildə “Saipem” şirkəti və SOCAR-la əlaqəli BOS Shelf şirkətlərinin daxil olduğu konsorsiuma layihə üzrə dəniz işləri üçün təxminən 700 milyon dollarlıq müqavilələr verildiyi açıqlanmışdı. Bu, investisiyanın müəyyən hissəsinin tikinti və xidmətlər vasitəsilə yerli iqtisadi fəaliyyətə çevrilə biləcəyini göstərir. Bununla belə, müqavilələrin ümumi dəyəri yerli şirkətlərin xalis gəliri və ya dövlət büdcəsinə daxilolma ilə eyni deyil.
Qazanc nə vaxt görünəcək?
Dənizdə tikintinin başlanması layihənin mühüm mərhələsidir, amma əlavə qazın dərhal hasil ediləcəyi demək deyil. Hazırkı plana görə, kompressiya qurğusu 2029–2030-cu illərdə mərhələli şəkildə işə qoşulmalıdır. Azərbaycan üçün əsas iqtisadi nəticə gələcəkdə əldə ediləcək əlavə qazın həcmi ilə yanaşı, “Şahdəniz”dən hasilatın davamlılığının qorunması olacaq. Layihənin real maliyyə səmərəsini isə qazın hansı qiymətə satılması, xərclər, müqavilə şərtləri və dövlətin payına düşən gəlirlər müəyyən edəcək.
Samir Abdulla
